Proqram təminatı istehsalçısı “Oracle”ın istiqrazlarını alan investorlar şirkəti məhkəməyə veriblər. İddiaçılar qiymətli kağızların dəyərdən düşməsi nəticəsində zərərə məruz qaldıqlarını bildiriblər. Bu barədə “Reuters” yazır.
İddiaçıların sözlərinə görə, onlar sentyabrda keçirilən yerləşdirmə zamanı 18 milyard dollar həcmində “Oracle” istiqrazları alıblar. Bu, korporasiyanın “OpenAI” ilə süni intellekt üçün 300 milyard dollar dəyərində hesablama güclərinin təqdim edilməsinə dair razılaşma elan etməsindən iki həftə sonra baş verib. Lakin ilk yerləşdirmədən cəmi yeddi həftə sonra “Oracle” iki məlumat mərkəzinin tikintisini maliyyələşdirmək üçün əlavə 38 milyard dollar cəlb etmək məqsədilə yenidən kapital bazarına çıxıb.
İnvestorlar bildirirlər ki, bu addım onları gözlənilmədən yaxalayıb. Onların sözlərinə görə, istiqraz bazarının reaksiyası sürətli və sərt olub: bondların qiyməti düşüb, gəlirlilik və spredlər isə kredit reytinqi aşağı olan şirkətlərin borc öhdəlikləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb. “Reuters” qeyd edir ki, “Oracle”ın istiqrazları aşağı investisiya reytinqinə malikdir.
İddiaçıların sözlərinə görə, istiqrazların yerləşdirilməsi zamanı sənədlərdə “Oracle”ın əlavə borclanmaya ehtiyac duya biləcəyi ilə bağlı açıqlamalar yanlış və çaşdırıcı olub. Onlar hesab edirlər ki, şirkətin təsisçisi Lerri Ellison, keçmiş baş icraçı direktor Safra Kats və yerləşdirmənin anderrayter bankları ABŞ-nin 1933-cü il Qiymətli Kağızlar Qanununa əsasən məsuliyyət daşıyır və dəyən zərəri ödəməlidirlər.
“Oracle” məsələ ilə bağlı şərh verməkdən imtina edib.
“Reuters”in yazdığına görə, 2025-ci ilin noyabrının sonuna ümumi ödənilməmiş borc öhdəliklərinin (istiqrazlar daxil olmaqla) həcmi təxminən 108 milyard dollar təşkil edib. Bu, investorları narahat edir: bir neçə ay ərzində “Oracle”ın səhmləri təxminən 40% ucuzlaşıb. 15 yanvarda ticarətin əvvəlində (Bakı vaxtı ilə 18:30) səhmlər 0,7% bahalaşaraq 195 dollara yüksəlib.







