Dünyanın ən iri investisiya fondlarından biri olan, idarəetməsində 2,2 trilyon dollar aktiv saxlayan Amerikanın “Pimco” investisiya fondunun rəhbəri Den Ayvasin bildirib ki, Donald Trampın “gözlənilməz” siyasəti investorların ABŞ iqtisadiyyatına yatırımlardan uzaqlaşmasına səbəb olur.
Den Ayvasin “Financial Times”a müsahibəsində qeyd edib ki, “Pimco” aktiv portfelini diversifikasiya edir və ABŞ-dən kənar şirkətlərin səhmlərini alır. Bunun səbəbi prezidentin sürətlə dəyişən siyasətinin bazarlarda volatilliyin artmasına gətirib çıxarmasıdır.
“Bu administrasiyanın kifayət qədər gözlənilməz olduğunu anlamaq vacibdir”, — deyə Ayvasin bildirib. — “Buna cavab olaraq nə edirik? Diversifikasiya aparırıq… Bizim fikrimizcə, ABŞ aktivlərinin payının azaldılması ilə müşayiət olunan çoxillik diversifikasiya dövründəyik”.
“Pimco” rəhbəri bu açıqlamanı Donald Tramp ilə ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell arasında qarşıdurmanın kəskinləşdiyi bir vaxtda verib. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyinin Pauell və tənzimləyicinin digər əməkdaşları barəsində araşdırmaya başladığı məlum olub. Daha əvvəl Tramp FED rəhbərini, ilk növbədə, əsas faiz dərəcəsini kəskin şəkildə endirməyə hazır olmamasına görə dəfələrlə tənqid edib.
Cerom Pauellə qarşı aparılan araşdırma maliyyə dairələrində tənqidlərə səbəb olub — xüsusilə 11 mərkəzi bankın rəhbəri onun dəstəyinə dair məktub imzalayıb. Den Ayvasin həmçinin vurğulayıb ki, “FED-in pul-kredit siyasətinin müəyyənləşdirilməsində müstəqilliyi bazarlar üçün kritik əhəmiyyət daşıyır”.





