Milyarder Ken Qriffin bildirib ki, investorlar “demək olar, şübhəsiz” süni intellekt köpüyünün ortasındadırlar. Onun sözlərinə görə, bir çox şirkət hələ də bu texnologiyaya nə qədər vəsait xərcləyəcəyini və onun iqtisadiyyatı necə dəyişəcəyini anlamağa çalışır.
Texnologiyanın tətbiqi üçün zəruri olan böyük ilkin kapital xərclərinin mənfəətə və məhsuldarlıq artımına çevrilməsinin gözləniləndən daha çox vaxt aparacağı ilə bağlı narahatlıqlar son həftələrdə investorların süni intellekt bumunun davamlılığına dair nigaranlığını ən yüksək həddə çatdırıb.
“Amerika şirkətləri süni intellekt modellərindən faydalanmaq qabiliyyəti baxımından çox fərqli nəticələr göstəriblər”, Qriffin oktyabrın 20-də, çərşənbə axşamı Nyu-Yorkda keçirilən “Future of Global Markets” konfransında bildirib. “Düşünürəm ki, bütün korporativ Amerika Anthropic və OpenAI-dan gələn hesablarına baxaraq deyir: ‘Yaxşı, bundan məhsuldarlıq əldə etdiyimizə necə əmin ola biləcəyimizi düşünməliyik’”.
Süni intellektin aparıcı tərtibatçılarından biri olan Anthropic-in yaxın həftələrdə Uoll-Stritdə debüt etmək üçün sənədləri ictimaiyyətə təqdim edəcəyi gözlənilir. Bu, tarixdəki ən böyük ilkin kütləvi təkliflərdən birinə çevrilə bilər. Səhmlərin yerləşdirilməsi şirkətə daha yeni və təkmil süni intellekt modelləri yaratmaq üçün çiplərə, məlumat mərkəzlərinə və mütəxəssislərə yatırılan sərmayələri dəstəkləmək məqsədilə əlavə kapital cəlb etməyə imkan verəcək. “The Wall Street Journal” çərşənbə axşamı bildirib ki, Anthropic yaxın illərdə əlavə hesablama güclərinə 750 milyard dollar xərcləyə bilər.
Bloomberg-in məlumatına görə, Qriffin bildirib ki, Anthropic-in uğuru son nəticədə şirkətin öz modellərinin bütün sahələr üçün zəruri olduğunu investorlara sübut edib-etməyəcəyindən asılı olacaq.
“İqtisadiyyatımızın istənilən köklü transformasiyası, bir qayda olaraq, köpüklə müşayiət olunur”, Qriffin deyib. “Əgər bu ifadədən istifadə etmək istəyiriksə, belə köpüklər çox vaxt nəhəng texnoloji dəyişikliklərlə üst-üstə düşür”.
Qriffin bu ilin əvvəlində Davosda çıxış edərkən süni intellekti “zibil” adlandırmışdı. May ayında isə Stenford Biznes Məktəbində auditoriya qarşısında süni intellektin nail ola biləcəklərindən heyrətə gəldiyini bildirmişdi. Çərşənbə axşamı o, daha nikbin danışaraq texnologiyanın ABŞ-da çoxsaylı yeni bizneslərin yaranmasına səbəb olacağını deyib.
Biznes imperiyasına Citadel hedc fondu və Citadel Securities marketmeyker şirkəti daxil olan Qriffin, həmçinin dotkom böhranından əvvəlki dövrü və həmin illərin bəzi “fantastik” biznes modellərini xatırladıb.
“Bu köpükdən sağ çıxan şirkətlər qarşıdakı onilliklər ərzində bazar liderlərinə çevriləcəklər”, o bildirib. “Yalnız ona təəssüflənirəm ki, Amazon səhmlərimi o vaxt saxlamadım”.







