Banker.az xəbər verir ki, analitiklər, həmçinin InvestFeed şirkətinin icraçı direktoru Ron Çerneski və Blackkrock-un sabit gəlirli aktivlər üzrə strategi Ceff Rozenberq qeyd edir ki, ABŞ və Şimali Koreya arasında münaqişənin kəskinləşməsi fond bazarlarında aktivlərin satılmasına gətirib çıxardı. Bu isə öz növbəsində orta müddətli iqtisadi qeyri-müəyyənliyi gücləndirdi.
Ron Çerneski izah edir ki, nəticədə çox sayda investor bütün diqqətini Bitcoin-ə yönəldir. Belə ki, onlar bu rəqəmsal valyutanı uzun müddətli sığınacaq-aktiv hesab edirlər. İnvestorlar fond bazarında ciddi tənəzzül riskini diversifikasiya etməyə cəhd edərək öz vəsaitlərini kriptovalyutaya köçürürlər.
Kriptovalyuta bazarı hazırda inanılmaz artım dövrünü yaşayır. Onun kapitalizasiyası 139 milyard dollara çatıb, sutkalıq ticarət həcmi isə 5,7 milyard dollar təşkil edir. Özünü təsdiq etmiş investor və treyderlər tənzimlənən kriptobirja və ticarət platformaları vasitəsilə yüksək likvidli aktiv əldə edə bilərlər.
Artıq indidən, nəhəng investisiya şirkəti Fidelity və Goldman Sachs və JPMorgan kimi investisiya bankları öz müştərilərini, investorları və portfel menecerlərini Bitcoin və digər rəqəmsal valyutalara yatırım etməyə həvəsləndirirlər.
Bloomberg agentliyi hesab edir ki, investorların Bitcoin-i rəqəmsal qızıl və sığınacaq-aktiv kimi görməyə başlamaları bu rəqəmsal valyutanın rekord həcmdə artımına səbəb oldu. Qlobal iqtisadi qeyri-müəyyənlik fonunda nəhəng treyder və birja oyunçuları Bitcoin ilə maraqlandıqları müddətcə onun qiymətinin daim artacağı gözlənilir.