Azərbaycanda inzibati məsuliyyətə cəlb etmə müddəti 3 aydan 4 ayadək artırılır.
Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihədə qeyd olunur ki, qüvvədə olan qanuna əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən bir qayda olaraq 3 ayadək verilə bilər. Lakin müvafiq protokollardan, qərarlardan şikayət vermə və müvafiq şikayətlərə baxma ilə əlaqədar bəzi hallarda 3 aylıq müddət yetərli olmur və 3 aylıq müddət keçdikdən sonra təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək mümkün olmur. Bununla əlaqədar layihədə inzibati məsuliyyətə cəlb etmə müddətinin 3 aydan 4 ayadək artırılması təklif olunur.
Müzakirələrdən sonra dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.