Apple şirkətinin 2026-cı ildə təqdim edəcəyi iPhone 18 Pro və Pro Max modellərində peyk üzərindən işləyən tam funksiyalı 5G internet bağlantısı tətbiq edə biləcəyi bildirilir.
Bu texnologiya yalnız fövqəladə vəziyyətlər üçün nəzərdə tutulan mövcud peyk əlaqəsindən fərqli olaraq, istifadəçilərə dünyanın istənilən nöqtəsində mobil şəbəkələrdən və əlavə avadanlıqlardan asılı olmadan internetdən istifadə imkanı verəcək.
Apple indiyədək bu istiqamətdə Globalstar şirkəti ilə əməkdaşlıq edib, lakin hazırda SpaceX ilə potensial tərəfdaşlıq imkanlarını da müzakirə edir.
Mütəxəssislər peyk əsaslı internetin tətbiqi ilə bağlı bir sıra sualların – məlumat təhlükəsizliyi, xidmətin qiyməti və əlaqənin sabitliyi kimi məsələlərin – açıq qaldığını bildirirlər.
Hazırda bütün bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və Apple-in 2026-cı il model planları barədə yayılan xəbərlər hələlik şayiə xarakteri daşıyır.







