Apple şirkətinin iPhone 7s və iPhone 7s Plus smartfonlarını bu ilin payızında buraxacağı gözlənilir. Proqnozlara əsasən, hər iki cihazın modernizasiya miqyası kifayət qədər ciddi xarakter daşıyacaq. iPhone 8 isə əsl sensasiya yaradacaq.
Banker.az saytının verdiyi məlumata görə, Fast Company-nin hesabatına əsasən, iPhone 8 modeli Apple şirkətinin ən yüksək texnoloji smartfonu olacaq. BU smartfon yeni dizayna, təkmilləşdirilmiş ekrana və barmaq izlərinin tanınması üçün sensora sahib olacaq. Cowen and Company şirkətinin analitiklərinin sözlərinə görə, cihaz həmçinin üzün tanınması üçün lazer sensora və 5,8 düymlük OLED ekrana malik olacaq. Bütün bunlardan əlavə, yeni modelin digərlərindən fərqli olaraq bir sıra yeni xüsusiyyətlərə sahib olacağı gözlənilir.
Gəzən şayiələrə görə, Apple yeni iPhone modelini Home fiziki düyməsindən “azad” edəcək. Bunun əvəzində smartfonda “virtual düymə” olacaq.
Bu yeni dizayn, yeni xüsusiyyətlər və texnologiya baxımından iPhone 8 modelinin digər Apple modelləri içərisində ən yüksək qiymətə sahib olacağı gözlənilir. Təxminlərə görə, onun qiyməti 1000 dolları geridə qoyacaq.