Gələn il buraxılacaq “iPhone8” smartfonunun xarakteristikası haqda məlumatlar internetə sızıb.
Bunu özünün “Weibo” akkauntunda məşhur analitik San Çandju yazıb. O bildirib ki, yeni cihaz OLED-ekrana və 10-nanometrik texnologiya ilə hazırlanmış çipsetə malik olacaq.
“iPhone 7 S”i əvəzləyəcək “iPhone 8”in “Apple A11” prosessoru ilə təchiz olunacağı gözlənilir. Bu prosessorları “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) şirkəti istehsal edəcək. Prosessorlar “FinFET” 10-nanometriya texnoprosesinin tətbiqi ilə hazırlanacaq.
OLED-ekranları “Samsung”un tədarük edəcəyi iddia olunur. Bir neçə ay əvvəl iki nəhəng texnoloji şirkət arasında əməkdaşlıq sazişi imzalanıb.
S.Çandju deyib ki, “iPhone 7” “Apple”ın maye kristallarla hazırlanan ekranla təchiz olunmuş son smartfonu ola bilər. Onun sözlərinə görə, “Apple” alüminium korpusdan da imtina edərək onları şüşə korpusla əvəzləməyi planlaşdırır. Smartfonların möhkəmliyi “Corning Gorilla Glass 5” materialı sayəsində təmin olunacaq./Lent.az