“NASDAQ” birjası “iPhone 8” smartfonunun satışa çıxarıldığı ilk günlərin “Apple” şirkəti üçün ən gəlirsiz olmasını və yeni modelə tələbatın azalmasının bütün planetdə qeydə alınmasını açıqlayıb. Bu barədə “Financial Times” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, nəşrin məlumatına görə, son bir neçə ildə ilk dəfə olaraq “Apple” mağazalarında yeni qurğu üçün uzun növbələr düzülməyib. Məsələn, Londonda satışın ilk günündə cəmi yeddi nəfər yeni modeli almaq qərarına gəlib. Bundan başqa, Avstraliyada – Sidneydə “iPhone 8” əldə etmək istəyənlərin sayı 30 nəfər, Sinqapurda isə 50 nəfər təşkil edib. Satış həcminin aşağı düşməsi səbəbindən “Apple” şirkətinin kapitallaşma dəyəri pisləşərək 43 milyard azalıb.
Ekspertlərin fikrincə, satışın azalması “iPhone 8” smartfonunun əvvəlki modeldən az fərqlənməsi ilə əlaqədardır.
Yeni “iPhone X” modelinin isə bir neçə ay sonra satışa çıxarılması gözlənilir.