“Apple” şirkəti Kanadanın smartfonları mobil ödəniş terminallarına çevirməyə imkan verən texnologiyanı yaradan “Mobeewave” startapını satın alıb. Sövdələşmənin məbləği 100 milyon dollar təşkil edir.
“Mobeewave” texnologiyası “NFC” (belə çiplərlə iPhone 6 modelindən başlayaraq bütün “Apple” smartfonları təchiz edilib) çipinə malik istənilən smartfonda istifadə oluna bilər. Belə çip adətən karta bağlı smartfondan kontaktsız ödəniş üçün istifadəyə imkan verdiyi halda Kanada şirkətinin həlli smartfonu kart və ya digər smartfonlardan ödənişlərin qəbulu üçün terminala çevirir.
Məlumata görə, “Mobeewave” komandası “Apple” əməkdaşları siyahısına daxil edilib. Hər iki şirkət sövdələşmə barədə ətraflı məlumat verməkdən imtina edib.
Ötən il “Samsung” və “Mobeewave” tərəfindən Kanadada birgə pilot layihə təşkil olunub. Bundan başqa, Cənubi Koreya şirkətinin bölmələrindən biri “Mobeewave” sərmayədarı qismində çıxış edir.
İlin əvvəlində ABŞ istehsalçısı “Siri” köməkçi funksiyası vasitəsilə nitqin tanınması dəqiqliyini yaxşılaşdırmaq məqsədilə “Voysis” şirkətini, kompüter təlimi sahəsində texnologiyaların hazırlanması ilə məşğul olan “Inductiv” startapını, virtual reallıq texnologiyalarında ixtisaslaşan “NextVR” startapını, eləcə də “iPhone” üçün populyar meteoroloji “Dark Sky” proqramını satın alıb.