Ekspertlər “iPhone” smartfonlarında qurğunun məsafəli idarəetməsi üçün istifadəyə imkan verən boşluq aşkarlayıblar. Bu barədə “Symantec” şirkətinin tədqiqatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, məlumatların oğurlanması birbaşa kompüterə qoşulmadan onların ötürülməsinə imkan verən “iTunes Wi-Fi sync” sinxronlaşdırma texnologiyası vasitəsilə həyata keçirilir.
Bildirilir ki, təhlükəsizlik sistemində səhv “Trustjacking” adlanır. İstifadəçi tərəfindən qurğuya yad qoşulmaya icazənin verilməsi cinayətkarlara smartfona müdaxiləyə imkan yaradır.
Yeni qurğularla bağlantıdan əvvəl smartfon həmişə istifadəçini məlumatlandırır və təsdiq tələb edir. İstifadəçi bu funksiyanı aktivləşdirdikdən və qurğuya qoşulmanı təsdiq etdikdən sonra “iPhone” eyni “Wi-Fi” şəbəkəsindən istifadə edən hakerlərin əlinə keçir. Nəticədə cinayətkarlar telefondakı məlumatların surətlərini köçürmək imkanı əldə edirlər. Bundan başqa, boşluq hakerlərə mobil əlavələri ləğv etməyə və ya quraşdırmağa imkan verir.
Tədqiqatda qeyd olunur ki, smartfon sahibi, məsələn, ictimai yerlərdə bağlantını təsdiq edə bilər. Şirkət mütəxəssislərinin sözlərinə görə, hazırda “iPhone” smartfonunu bu metodla müdaxilədən qorumaq üçün yeganə üsul yad “Wi-Fi” şəbəkələrinə ehtiyatlı yanaşmadan ibarətdir.