6 C
Baku
Monday, December 16, 2024

iPhone üçün təhlükəli olan Wi-Fi şəbəkələr açıqlanıb

Müəyyən bir ada sahib olan Wi-Fi şəbəkələrinə qoşulmaq iPhone telefonlarının sıradan çıxmasına səbəb ola bilər.

Bu barədə məlumatı mühəndis Karl Şu (Carl Schou) öz Tvitter hesabında bölüşüb.

Müxtəlif şəbəkələrə qoşulmaqla təcrübələr aparan mütəxəssis Apple şirkətinin smartfonları üçün zərərli olan Wi-Fi şəbəkələrin universal adını tapmağa müvəffəq olub. Onun müşahidələrinə əsasən, əgər cihaz adında “%secretclub%power” sözlərinin rast gəlindiyi şəbəkəyə qoşularsa, cihazda məlumatların ötürülməsi funksiyası deaktiv olacaq. Həmçinin bu prosesdən sonra telefonu əvvəlki iş rejiminə qaytarmaq da mümkün olmayacaq.

Təcrübəsini davam etdirən Karl Şu, adında sözügedən ifadələr olan şəbəkə yaradıb və öz telefonu ilə həmin Wi-Fi şəbəkəsinə qoşulub. Bundan sonra cihazda Wi-Fi modulunu aktivləşdirmək mümkün olmayıb. “Mən bir neçə dəfə şəbəkə tənzimləmələrini əvvəlki halına qaytarmağa cəhd etdim, telefonu məcburi yeniləmə rejiminə keçirdim, heç nə dəyişmədi” – deyə mütəxəssis əlavə edib.

Bir müddət sonra mühəndis Apple şirkətinin texniki dəstək komandası ilə əlaqəyə çıxmağa cəhd etsə də, heç bir qənaətbəxş cavab əldə edə bilməyib. Daha sonra isə öz Tvitter hesabında bütün iPhone istifadəçilərini xəbərdar edib ki, oxşar sözlər rast gəlinən şəbəkəyə qoşulmaqla iOS sistemi ilə işləyən istənilən cihazın Wi-Fi modulunu həmişəlik sıradan çıxara bilərlər.

Belə görünür ki, yaranmış problemi yalnız Apple şirkətinin müdaxiləsi ilə həll etmək mümkün olacaq. Böyük ehtimal, tezliklə şirkət bu çatışmazlığı aradan qaldırmaqla istifadəçilərinə yenilənmiş proqram təminatı təqdim edəcək.

Son xəbərlər
Digər xəbərlər