İyunun 11-də BFB-də Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.
Fonddan verilən məlumata görə, hərraca 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 101,2417 qiyməti ilə satılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2014-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Bu istiqrazların yerləşdirilməsinə 13 yanvar 2015-ci il tarixində başlanılıb. İndiyədək 16 000 000 AZN həcmində istiqraz yerləşdirilib.
Publika.az