10 C
Baku
Monday, November 25, 2024

İpoteka İstiqrazlarının Bank sektoru üçün müsbət və mənfi cəhətləri

Müəllif: Rabitəbank ASC –nin Monitorinq Şöbəsinin rəis müavini Amil Əsədov

Bildiyiniz kimi,bazar iqtisadiyyatının vacib atributlarından biri olan maliyyə bazarının bütün seqmentlərinin inkişafı və təkmilləşdirilməsi məsələsi mühüm yer tutur.Bu da maliyyə bazarının bank sistemi ilə paralel olaraq iqtisadiyyatda pul axınlarının ötürücüsü kimi real sektorun canlanmasında əhəmiyyətli rol oynamasından irəli gəlir.Xüsusilə Azərbaycanda neft sektorunda cəmlənmiş gəlirlərin digər sektorlara istiqamətləndirilməsi probleminin mövcudluğu ölkəmizin maliyyə bazarının inkişafına xüsusi əhəmiyyət verilməsinə zəmin yaradır.

Maliyyə bazarının müvəffəqiyyətlə formalaşması isə yalnız hüquqi və iqtisadi islahatların aparılması yolu ilə səlis qaydalar,onlara riayət olunmasını təmin edən nəzarət mexanizmlərinin,məlumat açıqlığının,sərbəst seçim imkanının mövcudluğunu nəzərdə tutan bazis infrastrukturun əsasında zəruri mühitin yaradılması ilə mümkündür.Məlumdur ki,qiymətli kağızlar bazarı maliyyə bazarının seqmentlərindən biridir.Qiymətli kağızlar bazarı kapitalın effektli sahələrə axınını təmin edir,iqtisadiyyata çeviklik verir ki, bu da pul ehtiyyatlarının bir sahədən digər sahəyə keçməsini təmin edir və son nəticədə iqtisadi inkişafın tempini artırır. Qiymətli kağızlar vasitəsilə pul vəsaitlərinin pula ehtiyacı olanlara verilməsi prosesi baş verir.Həm də bu proses inzibati amirlik metodları deyil,maddi maraq və könüllülük prinsipi əsasında həyata keçirilir.Dövlət qiymətli kağızları isə dövlət xərclərinin maliyyələşməsinə,bank sisteminin likvidliyini təmin etməyə,cəmiyyətdə sosial-iqtisadi inkişafa və digər problemlərin həllinə öz müsbət təsirini göstərir.

İpoteka istiqrazı(və ya ipoteka kağızı)-qanuni sahibinə ipoteka müqaviləsində göstərilən,əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və əmlakın ipotekası haqqında müqavilədə göstərilən girov hüququnu təsdiq edən adlı qiymətli kağızdır.Qiymətli kağızların iştirakı olmadan sivil ipoteka bazarını yaratmaq qeyri mümkündür.Qiymətli kağızlar ipoteka bazarının yenidən maliyyələşmə mənbəyi və ya resurs bazası kimi çıxış edir.Digər tərəfdən qiymətli kağızlardan ipoteka bazarında istifadə edilməsi bu bazarın şəffaflığına şərait yaradır.

İpoteka bazarında qiymətli kağızların rolu 2 formada ola bilər: ipoteka kağızların buraxılışı və ipoteka istiqrazlarının buraxılış.Belə ki, ipoteka qoyanın əmlakının ipotekaya qoyulması faktı ipoteka kağızı ilə rəsmiləşdirilərək ipotekasaxlayan banka verilir.Bank ipoteka kağızlarının məbləğində ipoteka istiqrazlarını buraxır və aldığı vəsaiti ipoteka kreditlərinə yönəldir.Digər variantda ipoteka saxlayan bank ipoteka kağızlarını Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Bakı Fond Birjası isə həmin məbləğ qədər ipoteka istiqrazı buraxır.Bu istiqrazların satışından əldə olunan məbləğ bank vasitəsilə ipoteka kreditlərinə yönəldilir. Təkrar ipoteka kreditlərinin ən böyük bazarı olan ABŞ-da ipoteka agentlikləri daşınmaz əmlakın təminatı əsasında qiymətli kağız buraxaraq öz borc öhdəliklərini investorlara satır və satışdan əldə edilən vəsaitlər banklar tərəfindən verilmiş ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə yönəldilir.

Bu gün Azərbaycanda həmin funksiyanı Prezidentin fərmanı ilə yaradılаn və Cənubi Qafqazda ilk dəfə olaraq ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsini həyata keçirən Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondu yerinə yetirir. Bu məqsədlə 2009-cu il mayın 29-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən İpoteka Fondunun təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb. İpoteka qiymətli kağızlar bazarının inkişaf etməsi isə öz növbəsində, respublikamızda qiymətli kağızların həm ilkin, həm də təkrar bazarının inkişafına müsbət təsir göstərəcəyi şəksizdir. Bununla əlaqədar ipoteka kreditləşməsinin bazar prinsipləri əsasında fəaliyyətinin təmin edilməsi üzrə ardıcıl tədbirlər görülməkdədir. İpoteka bazarında qiymətli kağızların (ipoteka kağızı və ipoteka istiqrazı) ipoteka müqaviləsindən üstünlüyü odur ki, ipoteka qiymətli kağızları alınıb-satıla bilər, girov qoyula bilər,dəyişdirilə bilər və s. Ona görə də ipotekanın təkrar bazarını yalnız, ipoteka qiymətli kağızları vasitəsi ilə yaratmaq mümkündur. Bunları nəzərə alaraq ipoteka ilə təmin edilmiş istiqrazların emissiyası regionda ilk dəfə olaraq Azərbaycanda baş tutmuşdur və uğurlu şəkildə gözlənilən nəticələri verməkdədir.Nəticə kimi hərraca cıxarılan istiqrazların hər birinin dərhal satışını göstərmək olar. Emisiya üzrə ərizələrin həcmi təklif həcmini iki dəfə keçməsidə potensial sərmayədarların təmin edilmiş istiqrazlara böyük maraqlarının nəticəsidir. Bununla yanaşı beynəlxalq ekspertlərin təklifləri sırasında təsnifləşdirilmiş qiymətli kağızlar bazarı kateqoriyasına keçilməsi də xüsusi yer tutur. Bu formada Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf etməkdə olan bazar kateqoriyasına daxil olması üçün səhm bazarının kapitallaşmasının ÜDM-in 30-40 faizinə çatdırılması lazımdır. Bu isə, öz növbəsində, müasir Azərbaycan qiymətli kağızlar bazarı həcminin 8-10 dəfə artırılması deməkdir.

Bu gün Azərbaycan qiymətli kağızlar bazarında xarici investorların fəaliyyəti ölkə iqtisadiyyatının inkişaf etdirilməsində ən vacib amillərdən biridir. Azərbaycan fond bazarında cüzi problemlərin olmasına baxmayaraq, xarici investorlar və beynəlxalq qurumlar kapital yatırılması imkanları baxımından Azərbaycan bazarını kifayət qədər perspektivli bazar hesab edirlər ki, bu da ölkədə əlverişli investisiya mühiti ilə əlaqədardır. Bu məsələlər gələcəkdə sosial problemlərin həllinə,iqtisadiyyata və bank sektorunun artan inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.