İpoteka kreditləri üzrə ödənişlər “ASAN Pay”lə mümkün olacaq

İpoteka kreditləri üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsi ilə də qəbul olunacaq

Bu barədə Banker.az-a İpoteka və Kredit Zəmanət Fondunun (Fond) verdiyi informasiyada deyilir.

25 noyabr 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının İKZF-in vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, “ASAN ödəniş” sistemi vasitəsi ilə aparılması imkanı yaradılıb.

Sistemin tətbiqi ödənişlərin real vaxt rejimində www.asanpay.az portalı və “ASAN Pay” mobil əlavəsi  ilə yanaşı, bu sistemə inteqrasiya edilmiş qabaqcıl ödəniş portalları  və 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, Fond ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.