“Elektron İpoteka Sistemi” layihəsinin funksional davamı olaraq ikinci faza çərçivəsində ipoteka kreditləri üzrə sığorta ödənişlərinin real vaxt rejimində (onlayn) həyata keçirilməsi uğurla başa çatdırılıb. İpoteka Fondundan verilən xəbərə görə, sistem hər bir ipoteka ödəyicisinə əmlak və həyat sığorta ödənişlərini birbaşa “Hökümət Ödəniş Portalı”nda aparılmasına imkan yaradır.
Həmçinin, sistem borcalana sığorta ödənişlərini hissə-hissə və ya illik həyata keçirmək seçimini təklif edir. Eyni zamanda, borcalanın sığorta öhdəliklərinin vaxtı keçdiyi təqdirdə sistem ilkin olaraq məhz sığorta ödənişlərinin aparılmasını tələb edəcək. Yalnız sığorta ödənişi aparıldıqdan sonra borcalan aylıq ödənişini həyata keçirə biləcək.
İpoteka kreditləri üzrə sığorta ödənişlərinin “Hökümət Ödəniş Portalı” vasitəsi ilə aparılmasına cari ilin martın 1-dən etibarən start veriləcək.
Fondun tətbiq etdiyi “Elektron İpoteka Sistemi” borcalanlar tərəfindən əmlak və həyat sığorta ödənişlərinin vaxtında aparılmasına zəmin yaradacaq.
Qeyd edək ki, Fond “Elektron İpoteka Sistemi”ni (EİS) müvəffəqiyyətlə tətbiq etmiş və artıq bir neçə ildir ki, istifadəyə vermişdir. İpoteka bazar iştirakçıları – Müvəkkil Kredit Təşkilatları, Sığorta və Qiymətləndirici şirkətlərlə bütün texniki prosedurlar real vaxt rejimində həyata keçirilir.
Eyni zamanda EİS əhalinin ipoteka kreditləri üzrə Müvəkkil Kredit Təşkilatlarına müraciətlərini tam avtomatlaşdırıb. Bu da öz növbəsində, kreditləşmə prosesinin surətli rəsmiləşdirilməsinə, şəffaflığın artırılmasına, növbəliliyin təmin olunmasına, vaxtın səmərəli istifadəsinə və işin daha da yüksək səviyyədə aparılmasına xidmət edir.
“Elektron İpoteka Sistemi”nin Mərkəzi Bankın vergi, rüsum, icarə haqqı və digər kütləvi ödənişlərinin toplanılması üçün yaradılmış “Hökümət Ödəniş Portalı”na (www.gpp.az) inteqrasiya olunması nəticəsində ipoteka kreditlərinin aylıq ödənişləri 1 ildən artıqdır ki, real vaxt rejimində (onlayn) aparılır.
APA-Economics