Azərbaycanda 2023-cü ilin ilk rübündə banklar tərəfindən əhaliyə 111 milyon manat həcmində ipoteka verilib. Bu, illik müqayisədə 3% artımdır.
Bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinad edir.
Cari ildə verilən daşınmaz əmlak kreditlərinin 8.8 mln. manatı yanvarın, 33.6 mln. manatı fevralın və 68.6 mln. manatı martın payına düşüb. Martda qeydə alınmış bu rəqəm 2015-ci ildə ard-arda baş vermiş iki devalvasiyadan sonra ən yuxarı rəqəmdir. Həmin tarixdən 2020-ci ilə qədər bu bazarda “durğunluq” izlənilirdi.
Hesabat müddətindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu (AİKZF) tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 96.5 mln. manat olmaqla öncəki ildən 30% yuxarı nəticədir.
AMB ötən il üçün təqdim etdiyi maliyyə sabitliyi hesabatında portfelində baş verən artımın əsasən dövlət ipoteka proqramı hesabına olduğunu bildirib. 1aprel 2023-cü il tarixinə ölkədə ipoteka kreditlərinin həcmi 3 mlrd. 124.8 mln. manat həcmində olub. Bu, son bir ildə 24% artımdır.
İKZF-nin iki maliyyə mənbəsi var ki, həmin vəsaitləri əldə etməklə bankların ipoteka kreditlərini müştərək kredit təşkilatları ilə təqdim edir: ipoteka istiqrazı buraxmaqla və dövlət büdcəsindən ayırmalarla. Cari ildə dövlət büdcəsindən 21 mln. manat ayrılmışdı. İKZF-yə adətən hər rübün əvvəli ayırmalar olur və bu ildə qeydə alınan ayırmalar öncəki ildə hər rüb üçün ayrılan 23.8 mln. manatdan azdır. İKZF investorlardan uzun müddətə borc cəlb etdiyi istiqraz emissiyası ilə bağlı hələ ki bir dəfə də qərar verməyib.
İpoteka orta faizləri 4 aydır ki, dəyişməzdir. Azərbaycanda cari monetar şərait ipoteka kreditləri üçün sərtləşmiş kimi görünə bilər. Mart ayında da orta faizlər 6.34%-də dayanıb. Adətən monetar şərait ölkələrdə sərtləşəndə bu, ipoteka kreditlərinə birbaşa təsir edir. Ölkəmizdə isə AMB-nin uçot faiz dərəcəsinin hələ ki, zəif effekti var.