3 C
Baku
Saturday, December 14, 2024

İpoteka kreditləşməsi dayanıb – RƏY

Bu il cəmi 22 nəfər mənzil problemini ipoteka krediti vasitəsilə həll edib.

“2016-ci ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. Birinci rübdə 18 vətəndaşımız kredit ala bilsələr də, ikinci rübdə cəmi 4 nəfər ev problemini bu yolla həll edib”.

Bu barədə iqtisadçı-alim Vüqar Bayramov deyib.

“Sosial ipoteka kreditlərindən faydalananlar isə ilk 6 ayda 236 mənzil ala biliblər. Göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən sosial ipoteka kreditlərinin verilməsi nisbətən qrafik üzrə getsə də, adi ipoteka kreditlərin verilməsi tormuzlanıb.

Adi ipoteka kreditləri üçün əsas maliyyə mənbəyi kimi çıxış edən istiqrazların yerləşdirilməsi isə fond tərəfindən ötən ilin dekabrında baş verib. İstiqrazlar yerləşdirilmədiyi üçün adi ipoteka kreditlərinin verilməsi üçün fond pul tapa bilməyib. Fondun əsasnaməsinin təsdiq edilməməsi də onun fəaliyyətinin genişləndirilməsinə imkan vermir.

İpoteka kreditləşməsinin sosial əhəmiyyətini nəzərə alaraq, təbii ki, adi ipoteka kreditlərinin verilməsinin bərpa edilməsi çox vacibdir. Təəssüf ki, ilin bitməsinə 5 aydan az vaxtın qalmasına baxmayaraq, hələlik, kreditləşmə bərpa edilməyib.

Bu arada İpoteka Fondunun hesabatından bəlli olur ki, fondun ən çox güvəndiyi bank, bu yaxınlarda müflis elan edilən “Zamin Bank” olub. İndiyədək fondun dəstəyi ilə 1631 ipoteka kreditini maliyyələşdirən “Zamin Bank” bank sektorunda artıq olmasa da belə və nə qədər qəribə olsa da, ipoteka kreditləşməsində liderdir.

2006-cı ildən bəri maliyyələşdirilmiş 17997 ipoteka kreditinin 13204-ü Bakının payına düşüb. Xanlar, Oğuz, Balakən, Sabirabad, Ucar, Ağcabədi, Salyan və Şərur rayonları isə 10 ildə cəmi 1 dəfə ipoteka krediti ala biliblər.

Bu isə ipoteka kreditləri paylaşdırılan zaman regional balansın gözlənilmədiyindən xəbər verir. Hətta rəsmi rəqəmlər də göstərir ki, fond qısa zamanda adi ipoteka kreditlərinin bərpa edilməsi üçün yeni maliyyə mənbələri axtarmalıdır”.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər