15 C
Baku
Sunday, November 24, 2024

“İpoteka şərtlərini ağırlaşdıran qanun konstitusiyaya ziddir”

Banklar Assosiasiyasının ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təklifləri cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. Təkliflərdə qeyd olunur ki, ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq. Əgər təkliflər qəbul olunsa, bu, istənilən ipoteka krediti alan şəxsin gələcəkdə eyni aqibətlə üzləşməsi deməkdir.

Mənbə məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının fikirlərini öyrənməyə çalışıb. O bildirib ki, sözügedən qanunun qəbul olunması gözlənilir: ““İpoteka haqqında” Qanuna edilən dəyişikliklərdən sonra bu məsələ öz həllini tapa bilər. Lakin hesab edirəm ki, bu, insan haqlarına ziddir, həmçinin hərrac prosedurunun pozulmasıdır. Azərbaycanda bu günə qədər aparılan hərracları, yəni bankların və digər qurumların girovunda olan əmlakların satılması ilə bağlı keçirilən hərracları kölgə altına alır. Ancaq məsələyə başqa tərəfdən yanaşsaq, bu gün Azərbaycanda problemli kreditlərin həcmi çoxdur. Çoxsaylı girovlar var ki, banklar onları vətəndaşların əlindən alıb, lakin onları satmaq mümkün deyil. Səbəb isə odur ki, hərraclarda girovlar bazar dəyərindən yüksək qiymətləndirilir və onların satılması sonradan problemə çevrilir. Amma istənilən halda bu qanun müəyyən ziddiyyətlər yaradacaq. Çünki bank əmlakı girov götürərkən, qiymətləndirmə prosesində qiymətləndiricilər ya əmlakı bazar dəyərindən aşağı qiymətləndirirlər və ya banklar əksər hallarda bazar dəyəri ilə deyil, likvit dəyərlə girova qəbul edirlər. Əmlakın girova likvit dəyərlə qəbul edilməsi o deməkdir ki, bazar dəyərindən 15-20 faiz daha ucuz dəyərləndirilir”.

Son xəbərlər
Digər xəbərlər