İpoteka və Zəmanət Fondu tariflərin yüksək olmasının əsas gətirir – Qanunda dəyişiklik təklifi

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ipoteka kreditləri üzrə İşçi Qrupunun növbəti görüşü baş tutdu. Görüş ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.

İpoteka və Zəmanət Fondunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi görüşün əsas müzakirə mövzusu olub. Görüş zamanı sığortaçıların Fondla görüş təşkil etməsinin zəruriliyi vurğulandı. Həmçinin, Qanuna təklif olunan dəyişikliyin edilməməsinin daha məqsədəmüvafiq olacağını əsaslandıran fikirlər və təkliflər irəli sürüb.

Görüşün yekunu olaraq, məsələ ilə əlaqədar sığortaçıların İpoteka və Zəmanət Fondu ilə ən qısa müddət ərzində görüşünün təşkil edilməsi qərara alındı.

Qeyd edək ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsində ipoteka müqaviləsində nəzərdə tutulan hallarda, ipoteka qoyulan əşyanın zədələnmə və ya məhvolma risklərinə qarşı sığorta etdirilməli olduğu tələbi müəyyən edilmişdir. İpoteka və Zəmanət Fondu isə sığorta tariflərinin yüksək olmasını əsas gətirərək müvafiq maddənin dəyişdirilməsi təklifi ilə çıxış edib.

XATIRLATMA

22.1. İtirilmiş, yaxud lazımi qaydada saxlanılmaması nəticəsində və ya digər səbəbdən korlanmış ipoteka kağızı üzrə hüquqlar ipoteka kağızının qanuni sahibinin ərizəsi əsasında ipoteka kağızı qeydə alınmış dövlət reyestrində saxlanılan ipoteka kağızının surətinə uyğun olaraq itirilmiş (korlanmış) ipoteka kağızının dublikatı verilməklə bərpa edilir. Dublikatın üzərində “dublikat” sözü qeyd edilməli, qeydiyyat orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanmalı, möhürlə təsdiq edilərək ipoteka kağızının qanuni sahibinə verilməli və reyestrdə müvafiq qeydlər aparılmalıdır.