İpoteka və Kredit Zəmanət Fondunun (Fond) 2019-cu il ərzində müvəkkil banklara ümumi məbləği 503 mln. manat təşkil edən 7096 sayda müraciət daxil olub, 174 mln. manat məbləğində isə 2652 ipoteka krediti verilib. Ötən il ərzində verilmiş kreditlərin 1390 ədədi (80 mln. manat) güzəştli ipoteka kreditlərinin payına düşüb. Qeyd edək ki, adi ipoteka kreditləri Fond tərəfindən daxili maliyyə bazarlarından cəlb edilmiş, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir. 2019-cu il ərzində 226,5 mln. manat məbləğində (3398 ədəd) ipoteka krediti Fond tərəfindən yenidən maliyyələşdirilib.
Ümumilikdə, 2006-2019-cu illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 391 mln. manata yaxın, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 27883 olub. Bu kreditlərin 436 mln. manatdan çox hissəsini (8839 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib. İpoteka kreditlərindən faydalananların 70%-ə yaxınını gənclər və gənc ailələr təşkil edib, kreditlərin 20%-ə yaxını isə regionlarda verilib.
Qeyd edək ki, 2020-ci ildə kirayə mexanizminin fəaliyyətə başlaması təmin ediləcək, ipoteka kreditlərinin, o cümlədən bu kreditlərlə yanaşı, sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi davam etdiriləcək.