28 C
Baku
Saturday, July 27, 2024

İqbal Ağazadə:“Prezidentin müdaxiləsi gözlənilən deyil”

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, 1 Avronun isə 1.19 AZN səviyyəsində müəyyən edilməsi ölkədə böyük çaşqınlıq yaradıb. Dərhal bahalaşma, mağazalarda satışların dayandırılması, valyutanın kursunun qeyri-sabit qaydada olması, banklara ödənişlərin dollarla aparılması fonunda yaranan problemlər ortaya çıxdı. Rəsmi açıqlamalarda manatın faktiki olaraq 33 faiz infilyasiyaya uğraması bildirilir. Bu isə əhalidə ciddi narahatlıq və əsaslı təşviş yaradıb.

İqbal Ağazadə bu məsələ ilə bağlı bildirir ki, bu addım Mərkəzi Bankın sədri Elman Rüstəmovun özfəaliyyəti deyil, hökumətin ümumi siyasətidir. O bildirir ki, bu qərar tamamilə qanunziddir.

““Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 28-ci maddəsinin 1-ci və 2-ci bəndlərində konkret müddəalar var. Hər il dekabrın 30-da Mərkəzi Bank ölkənin pul siyasəti ilə bağlı əhaliyə dəqiq məlumat verməlidir. Ötən il dekabrın 30-da Mərkəzi Bankın yayılmış press-relizində manatın qiymətinin sabit olacağı bildirlirdi. Vətəndaş da gələn ilin – yəni bu ilin pul siyasətini bunun üzərində  qurub.  Buna görə də fevral ayının 21-də qəflətən manatın məzənnəsinin kəskin aşağı salınması ilə bağlı qərar vermək, əslində Mərkəzi Bankın səlahiyyətləri çərçivəsini aşıb.
Qeyd edək ki, sözügedən qanunun 5-ci – “Pul siyahsəti” fəslində yer alan maddələr aşağıdakı kinidir:
M a d d ə 2 8. Pul siyasəti 
 
28.1. Mərkəzi Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini oktyabr ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir və dekabr ayının 31-dək kütləvi informasiya vasitələrində ictimaiyyətə açıqlayır.
28.2. Pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən Mərkəzi Bank cari ildə həyata keçirilən pul siyasətinin yekunlarını, habelə qarşıdakı il üçün müəyyən etdiyi pul siyasətinin məqsəd və vəzifələrini, Mərkəzi Bankdan asılı olan və asılı olmayan amilləri də əks etdirməklə onların həyata keçirilməsi yollarını göstərir .
İqbal Ağazadə isə prezident İlham Əliyevin manatın məzənnəsi ilə bağlı məsələyə müdaxilə etməsinin gözlənilən olmadığını hesab edir.
Deputat bildirir ki, bu məsələni parlamentin sabah keçiriləcək növbəti plenar iclasında da pisləyəcəklər. Ancaq bu çıxışların nəticəni dəyişcəyinə ümid etmir:
“Burada çox sadə məsələ var, ancaq təəssüf ki, buna heç kim diqət etmir. Azərbaycanın bu gün də maliyyə itkiləri davam edir və ona görə də hökumət bu addımı atıb. Yəni neftin bir barreli 90 dollara müəyyən ediləndə və 90 dollara satılanda Azərbaycan bir barrel neftdən təxminən 70,2 manat pul qazanırdı. İndi bir barrel neft təxminən 62 dollardır və məzənnə dəyişikliyindən sonra dövlət neftin barrelindən  təxminən 63 manat qazanır. Yəni indi dövlət büdcəsi hər barreldə 7 manat ziyana düşür. Güman olunur ki, dolların kursu bir qədər də qalxacaq.
Diqqət edin, neftin qiyməti 62 dollardır, büdcədə də 90 dollar müəyyən edilib. Nə qədər kəsir qalır? 27-28 manat. Dövlət də manatın məzənnəsini aşağı salıb dolların məzənnəsini 0.78 manatdan 1.05 manata qaldırıb. Bu da edir 27 manat. Deməli sadəcə aradakı fərqi qapadıb, vəssalam! Yəni neftin qiymətinin düşməsindən yaranan itkini dövlət vətəndaşın hesabına bərpa edib. Məsələnin mahiyyəti budur. Mərkəzi Bankın açıqlamasında qeyd edilən “şaxələnmə”, “xarici ixrac siyasəti” və s. məsələlər boş şeydir. Onsuz da neftdən başqa heç nə ixrac etmirik. 27 manat irki vardı, həmin 27 manat da kompensasiya edildi” – deyə deputat bildirdi.
Bizimyol.info
Son xəbərlər
Digər xəbərlər