İqbal Babayev: “Blokçeyn texnologiyasını asanlıqla gömrük sistemində tətbiq edə bilirik”

0
İqbal Babayev - © Report

“Bu gün blokçeyn texnologiyasını asanlıqla gömrük sistemində tətbiq edə bilirik. Məsələn, Azərbaycana Gürcüstandan idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı blokçeyn texnologiyası əsasında məlumat mübadiləsi həyata keçirərək tələb olunan malın mənşə sertifikatını tətbiq edirik və rəsmiləşdirmə vaxtını çox qısaltmış oluruq, eyni zamanda saxta sənədlərin təqdim edilməsi riskini tam aradan qaldırırıq”.

Bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, DGK müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları və biznes ictimaiyyəti ilə əməkdaşlıq formatında gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir: “Nəzərə almaq lazımdır ki, layihə idarəçiliyinin mühüm prinsiplərindən biri tələb edir ki, idarəetmənin istənilən sahəsində, o cümlədən gömrük sistemində, ayrı-ayrı yeni texnologiyaların tətbiqi “əlahiddə eksperimentlər” şəklində deyil, sistemli yanaşma çərçivəsində konkret innovasiya layihələri formatında tətbiq edilməlidir. Bu baxımdan yeni texnologiyalarının gömrük sistemində tətbiqi konkret layihə hədəflərinə malik olmalı və son illər ərzində həyata keçirilmiş layihələrlə uzlaşmalıdır”.

İ. Babayev deyib ki, blokçeyn texnologiyasının tətbiqi əsasən özəl sektor tərəfindən ümumilikdə ticarət-təchizat zəncirinin idarə edilməsində, o cümlədən ticarətlə əlaqədar bank əməliyyatları (məsələn, akkreditiv hesabların açılması) və loqistika sektorunda sınaqdan çıxarılmaqdadır: “Buna misal olaraq, dünyanın ən böyük loqistika şirkətlərindən olan “Maersk”, İBM şirkətləri ilə birgə bu sahədə müvafiq layihələr həyata keçiriblər. Eyni zamanda bizə məlumdur ki, blokçeyn texnologiyasının tətbiqinə xüsusilə ABŞ, Böyük Britaniya, Sinqapur, Koreya və Yaponiya gömrük xidmətləri xüsusi maraq göstərir. Nəzərə alınmalıdır ki, blokçeyn texnologiyası paylanmış məlumat bazaları və kriptoqrafiya həlləri sayəsində xərclərin və resursların optimallaşdırılması, həmçinin şəffaflığın təmin edilməsi baxımından bir sıra üstünlüklər vəd edir. Belə ki, Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin 2017-ci ilin aprel ayında keçirilmiş 215/216-cı sessiyalarında blokçeyn texnolgiyasının gömrük sistemində tətbiqi problemləri gündəmə gətirilib və müəyyən edilib ki, xüsusilə elektron kommersiya əməliyyatlarının idarə edilməsi, risk idarəçiliyi, gömrük-gömrük məlumat mübasiləsi, gömrük auditi, hüquqpozmalarla mübarizə və qanunvericiliyə riayət mədəniyyətinin formalaşdırılması sahəsində bu texnologiyanın tətbiqinin perspektivləri böyükdür”.

Sədr müavininin sözlərinə görə, DGK 2010-cu ildən etibarən informasiya ehtiyatlarının formalaşdırılması prinsipini yeni metodika və platforma əsasında quraraq 14 dövlət qurumlarının informasıya ehtiyatlarından istifadə etməklə xarici ticarəıt iştirakşılarının idxal-ixrac əməliyyatını həyata keçirən ilk dövlət orqanlarından biridir: “Hələ o zamandan bizim yanaşmamız bugünkü blokçeyn texnolgiyasına bənzər İT həllərə köklənib”. 

©Report