BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvesiyasına Tərəf Dövlətlərin (The Conference of Parties) 29-cu Konfransının (COP-29) Bakıda keçirilməsi barədə elə həmin qurumun özü tərəfindən qərar qəbul edilmişdir. Hər il keçirilən bu Konfrans 1995-ci ildən etibarən keçirilir. COP iqlim dəyişiklikləri üzrə BMT-nin Çərçivə Konvensiyasının həyata keçirilməsini monitorinq edən və bu Konvensiyaya düzəlişlər etməyə səlahiyyəti olan qurumdur.
Qəbul olunmuş razılığa əsasən, qlobal istiləşməni sürətləndirən karbon dioksidin (CO2) havaya buraxılması həcminin 2025-ci ildə 2005-ci ildəki həcmə nisbətdə 28% və 2030-cu ildə isə 45% azaldılması qərara alınmışdır. 2050-ci ildə isə havaya buraxılan karbon dioksidin 0 olacağı nəzərdə tutulur. Ən yaxın hədəf sayılan 2025-ci il üçün kifayət qədər iddialı olan bu hədəfə çatmaq çox çətin görünür.
Karbon dioksid emissiyasının azaldılmasını təşviq etmək məqsədilə, Paris İqlim Dəyişikliyi Sazişinin 6-cı maddəsinin ikinci yarımbəndində deyilir ki, “tərəflərə öz milli iqlim öhdəliklərində əks etdirmək üçün digər ölkələrdə (və ya digər tərəflər) qənaət edilmiş və ya qarşısı alınmış karbon tullantılarından istifadə etməyə icazə verilir”. Başqa sözlə, yəni bir ölkə, bir böyük müəssisə öz kvotasının istifadə edilməmiş hissəsini digər ölkə və ya müəssisəyə sata bilər. Bunun üçün Avropada Emissions Trading System (ETS) qurulmuşdur və həmin sistemdə illik pul dövriyyəsi 51.4 milyard avrodan çox qiymətləndirilir. 2022-ci ildə 25 milli və 20 submilli bazarda kvota ticarəti baş vermişdir.
Avropa Komissiyasının araşdırmalarına görə XX əsrin əvvəllərində hər il havaya 2 milyard ton karbon dioksid qazı (CO2) atılırdısa, 2022-ci ildə bu göstərici 37.15 milyard ton olmuşdur. 2023-cü ilin sonuna bu rəqəmin 37.55 milyard ton olacağı gözlənilir.
Enerji və sənaye sektorlarında istixana effekti yaradan bu qazların 36.7%-i təkcə Çinin (2021-ci ildə 11 milyard 336 milyon ton) payına düşür. 2021-ci ilin nəticələrinə görə növbəti 4 top ölkə: ABŞ (5 milyard 032 milyon ton), Hindistan (2 milyard 674 milyon ton), Rusiya (1 milyard 712 milyon ton), Yaponiya (1 milyard 602 milyon ton). Ümumiyyətlə 10 ölkə bütün karbon dioksid emissiyasnda 67%-lik “paya” sahibdir.
Qeyd olunanlar nəzərə alındıqda, məhz inkişaf etmiş ölkələrin iqlim dəyişikliyinə qarşı layihələri maliyyələşdirmələri nəinki təbiidir (bəzən kiçik ölkələrə qarşı daha sərt tələblər irəli sürülür və ya layihələri maliyyələşdirmək bir lütf kimi təqdim olunur), hətta bu istiqamətdə daha çox işlər görməyə və məsələyə daha çox maliyyə ayırmağa borcludurlar.
Azərbaycanın karbon dioksid emissiyası üzrə trendinə nəzər salsaq görürük ki, 1990-cı ilə nisbətdə kifayət qədər azalma vardır ki, bu da Sovet dövründə mövcud olmuş bir sıra sənaye müəssisəsələrinin və 1990-cı ildən sonra ölkədə olan istilikxanaların bağlanması ilə əlaqədardır.
Azərbaycanda karbon dioksid (CO2) emissiyası:
- 1990 – 58 milyon ton
- 1999 – 26 milyon ton
- 2005 – 30 milyon ton
- 2010 – 25 milyon ton
- 2018 – 35 milyon ton
Nəzərə alsaq ki, bütün dünyada karbon dioksid (CO2) emissiyası 1990-cı ildən indiyə qədər 60%-dən çox artıb, Azərbaycanın bu göstərici üzrə kifayət qədər böyük azalma nümayiş etdirməsi əlbəttə təqdirəlayiqdir.
Bu göstərici müsbət olsa da, arxayınlaşmaq olmaz. Çünki, dünyada baş verən çirklənmə ölkəmizə də təsir göstərir və biz yenə də iqlim dəyişikliyinə məruz qalmaqdayıq və qalacağıq. Bu səbəbdən ağac əkilməsi, meşə örtüyünün payının artırılması çox vacibdir.
Amma qlobal iqlim dəyişikliyinin təsirini azaltmaqda bizim kimi kiçik ölkənin imkanları məhdud olsa da, ölkəmizdə hava çirkliliyinin azaldılması öz əlimizdədir və hər bir Azərbaycan vətəndaşının bu sahədə töhfəsi ola bilər.
Məsələn, qazdan qənaətlə istifadə etmək, avtomobilin təkər(lər)inin havası azdırsa, onu vaxtında normaya çatdırmaq. Avtomobilin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, qazdan qənaətlə istifadə etmək və sair. Çünki, A nöqtəsindən B nöqtəsinə getmək üçün avtomobilinizin nə qədər yanacaq yandırıb havaya karbon dioksid buraxması qeyd etdiyim və etmədiyim bir çox amillərdən asılıdır. Bu məsələlər bizə xırda görünsə də, milyonlarla avtomobillərdə ən cüzi dəyişikliyin ekologiyaya təsirini təsəvvür edə bilərik. Böyük yolun qət edilməsi kiçik addımlardan başlayır.
Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert