“… Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir”. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sözlərini Azərbaycan alimləri sırasında özünəməxsus yer tutan iqtisad elmləri doktoru, professor Natiq Qasımova da şamil etmək olar. N. Qasımov hər bir soydaşımıza örnək olası şərəfli bir ömür yaşayır: müəllim adına ucalıq, şərəf gətirmiş mərhum əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, “Şöhrət” ordenli, Yazıçılar İttifaqının üzvü Əbülfəz (“Bərəkət”) müəllimin və Validə xanımın ailəsində boya-başa çatmış, valideynlərinin şəxsi nümunəsi və zəhmətsevərliyi həyat yolunda ona yol göstərən çıraq olmuş, uşaq yaşlarında qəlbində biliyə və yeniliyə sonsuz həvəs oyatmışdır.
N.Qasımov 1960-cı ilin mart ayının 19-da Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Aqrar Universiteti) iqtisadiyyat fakültəsini və 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) fərqlənmə diplomları ilə bitirmiş, iqtisadçı-təşkilatçı və politoloq ixtisasları almışdır.
Natıq müəllim elmə sıx bağlı insandır. O, 1986-cı ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri namizədi dərəcəsini almışdır. 1996-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı, 1998-ci ildə iqtisad elmləri doktoru elmi dərəcəsi, 2004-cü ildə isə professor elmi adı verilmişdir.
Natiq Qasımovu başqalarından fərqləndirən bir cəhət isə budur ki, onun elmi fəaliyyəti əmək fəaliyyəti ilə sıx vəhdətdədir. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan ETKT İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi kimi başlayan Natiq Qasımov burada baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Burada o, çox qısa müddətdə özünün potensialını ortaya qoya bilmiş, ona müvafiq vəzifələr tapşırılmışdır. Təsadüfi deyil ki, əmək fəaliyyətinin bir hissəsi məhz elmlə bağlı olan sahələrin payına düşür. N.Qasımov 1988-1993-cü illərdə Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, 1993-1994-cü illərdə “Azəryeyintisənaye” Elmi-Tədqiqat İnstitutunun direktoru, 1994-1996-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin baş idarə rəisinin müavini, 1996-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dosent, professor, 1998-2000-ci illərdə Əmək və Sosial Problemlər üzrə ET və Tədris mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Elmi-tədris fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə N.Qasımov 2000-ci ildə Beynəlxalq İqtisadçılar İttifaqının və 2005-ci ildə Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü seçilmişdir.
Natiq Qasımov 2000-ci ildən 2010-cu ilin aprelinə qədər vergi sistemində xidmət etmişdir. O, 2000-2001-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarəsi rəisinin birinci müavini vəzifəsində çalışmışdır. Əmək fəaliyyətində əldə etdiyi nailiyyətlər ölkə rəhbərliyi tərəfindən də qiymətləndirilmişdir. Belə ki, N.Qasımov Ümummilli lider Heydər Əliyevin 17 yanvar 2002-ci il tarixli sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2005-ci il tarixli sərəncamı ilə N.Qasımova 3-cü dərəcəli Dövlət Vergi Xidməti Müşaviri xüsusi rütbəsi verilmişdir. O, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 – 2010)» Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
N.Qasımov vergi sistemində Azərbaycan təcrübəsinin öyrənilməsi və təbliği sahəsində fəal iştirak etmişdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və inkişafımızın müasir mərhələsində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin fəal təbliğatçısı və tədqiqatçısı kimi onun səmərəli fəaliyyəti də təqdirəlayiqdir. O, 115-dən çox elmi-praktiki əsərin müəllifidir və onlardan 15-i monoqrafiya və kitablardır.
Müəllifi olduğu “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “İpək yolu bəşəriyyətin tərəqqi yoludur”, “Ərzaq təhlükəsizliyi problemləri”, “Azərbaycanın sosial inkişafında islahatların rolu”, “Azərbaycanda bazar münasibətləri şəraitində sosial problemlər”, “Heydər Əliyev və sosial-iqtisadi islahatlar”, “Vergi sisteminin təkmilləşdirilməsi davamlı prosesdir”, “Azərbaycan Respublikasının vergi sisteminin inkişaf problemləri”, “Vergi siyasətinin beynəlxalq standartlar səviyyəsinə qaldırılması dahi öndərimiz Heydər Əliyevin xidmətidir”, “Heydər Əliyevin vergi konsepsiyası və onun psixoloji əsasları”, “Müasir vergi sisteminin formalaşdırılmasında Heydər Əliyevin rolu əvəzedilməzdir”, “Azərbaycan və dünya: iqtisadi inteqrasiya məsələləri”, “Milli iqtisadi modeldə vergi sisteminin formalaşması və onun inkişaf strategiyası”, “Azərbaycan beynəlxalq sistemə sıx inteqrasiya edir”, “Müasir iqtisadi şərait yeni yanaşma tələb edir”, “Ölkənin iqtisadiyyatı inkişaf etdikcə vergi islahatları da davam etdiriləcək”, “Beynəlxalq təcrübəyə əsaslanan milli vergi sistemi təkmilləşdirilməkdədir” və s. kimi ciddi tədqiqat əsərləri ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. “Vergilər Nazirliyi — 10 il” kitabının işıq üzü görməsində də Natiq Qasımovun təşəbbüsü və böyük zəhməti olmuşdur.
Respublikanın tanınmış iqtisadçılarından olan professor Natiq Qasımov 5 respublika və 3 beynəlxalq elmi praktiki konfransların keçirilməsində təşkilatçı olub.
N.Qasımov həm respublikada, həm də MDB və Avropa dövlətlərində keçirilən beynəlxalq konfranslarda Azərbaycan iqtisadiyyatının inkişafı, vergi sistemində həyata keçirilən islahatların tətbiqi haqqında məruzələr etmişdir.
Natiq Qasımov 2005-ci ildə Moskvanın “Экономика” nəşriyyatında AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi i.e.d., mərhum professor Aqil Əliyevlə birlikdə ilk olaraq Azərbaycanın iqtisad elminə “Инновации и инвестиции” əsərini bəxş etmişlər.
Natiq Qasımov 2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının professoru vəzifəsində çalışır.
Natiq müəllim müdrik, özündən çox başqaları haqqında düşünən, mərd, səbirli, intizamlı, öz üzərində müntəzəm çalışan ziyalı kimi daima yeniliyə, həyatın tələbatına uyğun meyl göstərən, həmişə mütaliə edən iqtisadçıdır. O, öz təvəzökarlığı, müsbət əxlaqi keyfiyyətləri və elmi-praktiki biliyi ilə iqtisadçılar ordusu arasında layiqli yerini daim tutmaqdadır.
Hazırda müstəqil, bütöv Azərbaycanda yaşayırıq. Torpaqlarımız işğaldan azad edilmiş, ərazi bütövlüyümüz bərpa edilmişdir. Ali Baş Komandan, cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ torpağında böyük bərpa quruculuq işləri geniş vüsət alıb. Bütün bunlar iqtisadçı alimlər qarşısında da bir sıra vəzifələr qoyur. Bir tədqiqatçı alim kimi Natiq müəllim də Qarabağ regionunun sosial-iqtisadi problemləri ilə bağlı maraqlı təklifləri, tövsiyələri, mülahizələri ilə dövri mətbuatda mütəmadi olaraq məqalələrlə çıxışlar edir.
Müəllifi olduğu məqalələr arasında son 5 ildə dərc olunmuş “Azərbaycan Respublikasında məşğulluğun və əmək bazarının tənzimlənməsi mexanizmi”, “Qarabağın hər bir guşəsini gülüstana çevirək”, “Рынок труда. Проблемы и особенности”, “Управление человеческими ресурсами в условиях рыночной экономики”, “Aqrar sektorun inkişafında yaşıl texnologiyaların tətbiqi imkanları”, “Aqrar sektorun inkişafının regionlarda insan kapitalının formalaşmasına təsirinin qiymətləndirilməsi” və digərləri aktuallığı cəhətdən seçilir.
Son dərəcə səmimi, mehriban və eyni zamanda tələbkar olaraq heç kimdən köməyini əsirgəməyən qayğıkeş dost Natiq müəllimin 65 illik yubileyi ərəfəsində onu ürəkdən təbrik edir, uzun ömür, həyatda ən şirin nemət olan cansağlığı, şəxsi həyatında səadət diləyirik!
Ziyad SƏMƏDZADƏ,
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, millət vəkili, akademik