6 C
Baku
Sunday, December 15, 2024

İqtisadçı 2018-ci ildə bəzi iqtisadi sahələr üzrə aktual məsələlərə aydınlıq gətirdi

İqtisadçı ekspert Elman Sadıqov iqtisadiyyatda baş verən proseslərlə bağlı fikirlərini Banker.az-la bölüşmüşdür. Onun açıqlamasına görə:” Bir neçə gün öncə yola saldığımız 2017-ci ildə görülən işlər haqqında bir çox təhlillər verildi, fikirlər irəli sürüldü. 2015-2016-cı illərin şok hadisələrindən sonra 2017-ci il ölkənin iqtisadi həyatında nisbətən sakit il oldu, yalnız ilin sonunda Dəmirbank ASC-nin bağlanması maliyyə sistemndə soyuq duş effekti yaratdı (bu hadisəylə bağlı sadəcə bir cümlə ilə onu deyə bilərəm ki, son illər ərzində bu bankdakı vəziyyətin və hesabatların təhlili göstərir ki, bank üzləşəcəyi vəziyyəti daha öncədən görərək son illərdə öz manevr imkanlarından düzgün və tam şəkildə istifadə etməklə qazandığı vaxt ərzində vəziyyətdən çıxa da bilərdi).”

2017-ci il ərzində manat stabilləşdi və burada 2 amil, ilin əvvəlində cənab Prezidentin sərəncamı ilə manata dəstək üçün Neft Fondundan əlavə vəsaitin ayrılması və neftin qiymətlərinin 50 dolların üzərində qalması, ilin sonuna doğru isə 60 dolların üstünə çıxması öz rollarını oynadı. Bu addımda əsas hədəflər həm manatın kursunda stabilliyin yaradılması, həm də real sektora vaxt qazandırmaq oldu. Bu monetar siyasətin nəzəri və praktiki tərəfləri, real sektorun verilən vaxtdan necə istifadə edə bilməsi, maliyyələşmə mexanizmləri və sair məsələlərə öncəki müsahibə və məqalələrimdə toxunduğum üçün təkrara yol vermək doğru olmaz.

Turizm gözə çarpacaq və hər birimizin hiss edəcəyi şəkildə artdı və ölkəyə kapital axınında, xidmət sektorunun inkişafında böyük rol oynadı. Bu danılmazdır. Bu sahədə görüləcək işlər çoxdur, lakin digər sahələrə nisbətən bu sahə daha çox irəli getdi. Baxmayaraq ki, turizm sahəsinin inkişafı ilə bağlı Strateji Yol Xəritəsində qarşıya qoyulan bir çox məsələlər öz həllini gözləməkdədir. Digər ölkələrdə olan vəziyyəti təhlil edərkən 2018-ci il ərzində bu sahədə ən azı 15-20% artım gözləmək olar. 2 il öncə yazdığım bir məqalədə Türkiyə, İran, İraq, Misir (Şarm Əl-Şeyx) kimi ölkələrdə olan vəziyyətin, o cümlədən daha uzun istiqamətlərdə avia uçuşlardan ehtiyatlanma meylləri (bu amilin nəzərə alınması diqqəti daha uzaq deyil, yaxın ölkələrdən turizm cəlbinin perspektivlərinə yönəltdi) Azərbaycanı turistlər üçün daha cəlbedici edəcəkdir. Burada ən böyük katalizatorlar manatın devalvasiyası və ölkə Prezidentinin ASAN viza mexanizminin tətbiqi ilə bağlı fərman və sərəncamları oldu. Biz ölkə olaraq turizmin inkişafı üçün yaranan şəraitdən istifadə edə bildik.  Nə üçün turizm sahəsinə daha geniş yer ayırdım? Çünki, turizmin inkişafının təhlili göstərdi ki, bir ölkədə hər hansı bir sahənin inkişafı üçün həm ölkənin valyutasının kursu, həm də ətraf ölkələrdəki vəziyyət mütləq nəzərə alınmalıdır. Və ya, qonşu və yaxın ölkələrin geniş təhlili hər bir ölkənin iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf perspektivlərini görməyə imkan verir. Məhz bu baxış prizmasından digər sahələrin təhlilinə keçə bilərik.
Öncə hamımızı düşündürən manatın kursu məsələsinə toxunaq. Birincisi, bu sahədə yenidən əsassız proqnozlar verilməyə başlamışdır ki, bu da əhalini bəzən çaşdırır, bəzən də həmin proqnozlara inanan insanlar müəyyən addımları ataraq, və ya əksinə, addımlar atmaqdan çəkinərək zərərlərə də uğraya bilirlər. İkincisi, zənnimcə yenə yanlış bir fikir formalaşır ki, neft qalxdıqca manatın da kursu qalxmalıdır, manata təzyiq artacaq, manat güclənməlidir və sair. Tamamilə yanlış fikirdir. Birincisi, manatın kursu neftin qiymətinə bağlanmamalıdır və zənnimcə bağlanmayacaqdır. İkincisi, neftin indiki qiymətləri də bizə rahat nəfəs almağa imkan vermir və verməməlidir (tədiyyə balansı müsbətdir, lakin bu müsbət balans kövrəkdir). Düşünürəm ki, manatın kursunun tənzimlənməsi üçün əsas amil neftin qiymətləri deyil, ətraf ölkələrdə (xüsusilə, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan) dolların həmin ölkələrin yerli valyutalara qarşı kursu, ixrac potensialının yenidən artımı/azalması, kənd təsərrüfatı və qeyri-neft sektorundakı istehsalın, turizm, logistika və tranzit kimi xidmətlərin artma/azalma templəri indikator rolunu oynayacaq. Dolların kursunun yüksək səviyyədə qalmasının ən böyük mənfi təsiri dollarla verilən kreditlərin ödəniş məsələlərindədir. Bu amil maliyyə sektorunun inkişafında mövcud olan əsas tıxaclardan biridir. Xarici valyutada verilmiş kreditlərin həlli istiqamətində 10.04.2016-cı il tarixli “İqtisadi Zona” verilişində verdiyim təkliflərin hazırda da aktual olduğunu düşünürəm). Belə bir fikir də vardır ki, neftin qiyməti artarsa, əmtəə valyutası kimi xarakterizə oluna bilən manat (ölkəsində xam neft, qızıl və digər əmtəələrin çox olduğu, həmin əmtəələrin iqtisadiyyatında əhəmiyyətli çəkiyə malik olan ölkələrin pulları dünya maliyyə sistemində əmtəə valyutaları kimi xarakterizə olunur, çünki həmin əmtəələrin qiymətləri həmin sərbəst dönərli valyutaların kurslarına birbaşa təsir edir. Məsələn, Kanada dolları, Avstraliya dolları, Yeni Zelandiya dolları, neft ölkələrinin valyutaları və sair). Burada incə bir nüans var. Bir sıra ölkələr öz iqtisadiyyatlarını, ixraclarını diversifikasiya etdikləri üçün hər hansı əmtəənin qiymətlərinin kəskin enişi həmin valyutalara kəskin şəkildə təsir edə bilmir, həmin əmtəələrin qiymətlərinin artması həmin valyutaları nisbətən gücləndirir. Lakin, bu birjalarda müvəqqəti xarakterlidir. Həmin ölkə öz valyutasını ucuzlaşdırmaq və dəyər qazanmasının qarşısını almaq üçün intervensiyalar edir. Çünki, bahalı yerli valyuta ixracın rəqabətə davamlılığını azaldır, turizm və digər xidmət sektorlarına mənfi təsir göstərir. Nəticədə ölkələrarası valyuta müharibələri adlanan termin meydana çıxmışdır, bu müharibə gedir, lakin heç bir ölkə öz valyutasını bahalandırmaq deyil, ucuzlaşdırmaq üçün çalışır. Burada ABŞ istisnadır. Bu yazının mövzusu olmadığı üçün buna toxunmayaq. Əmtəə qiymətlərinin, həcminin yerli valyutaya təzyiqinin minimuma endirilməsi üçün tətbiq olunan effektiv mexanizmlər də vardır. Bunun üçün infrastruktur (Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları) vardır və düşünürəm ki, sadəcə mexanizm dəyişməklə manata olan təzyiq minimuma endiriləcək.

Növbəti sahə kənd təsərrüfatı sahəsidir. Yuxarıdakı fikri (iqtisadiyyatın bu və ya digər sahəsinin inkişaf perspektivləri həm valyutaların kursundan, həm də qonşu və yaxın ölkələrdəki həmin sahə üzrə vəziyyətdən də asılıdır) əsas götürərək Rusiyada kənd təsərrüfatı sahəsindəki vəziyyəti qısaca araşdırdım. Belə bir müqayisə edim. Son 2 il ərzində bizdə turizm sahəsi nə qədər gözəçarpan şəkildə inkişaf etmişsə, Rusiyada da kənd təsərrüfatı sahəsi bir o qədər irəli getmişdir. Fərq bundadır ki, turizm sahəsində nəticələr 1-2 il ərzində gözə görünür, kənd təsərrüfatı sahəsində isə nəticələr ən azı 2-3 (məsələn, istilikxanalar), bəzən də 5-6 ilə (məsələn, bağçılıq) özünü göstərir. Məsələn, pomidorla bağlı Rusiya idxaldan asılılığını kifayət qədər azaltmağa meyllidir. Kifayət qədər ucuz valyutası olan Ukrayna və Rusiya qonşu dövlətləri ət və ət məhsulları, süd və süd məhsulları ilə kifayət qədər dolduracaqdır ki, bu da həmin ölkələr üçün təhlükəlidir. Kiçik bir haşiyə çıxım ki, 2018-ci il üzrə Rusiya Mərkəzi Bankının qarşısına qoyulan əsas vəzifə rublun dəyər qazanmasının qarşısını almaq, imkan olarsa, dəyərini nisbətən azatlmaqdır, başqa sözlə dolların kursunun aşağı düşməsinə imkan verməmək, əksinə nisbətən artırmaq. Buğda istehsalında isə Rusiyada rekord vurulur. Burada həm bu sahəyə diqqətin artırılması, həm də iqlimin getdikcə istiləşməsi (Rusiya soyuq ölkə olduğundan mülayimləşməsi desək daha doğru olar) taxıl istehsalının artmasında böyük rol oynamaqdadır. Hazırda Rusiyada bu sahədə olan ən böyük problem ixracla bağlıdır. Daha doğrusu, kifayət qədər qısa müddət ərzində istənilən həcmdə ixraca imkan verəcək limanların yox səviyyəsində olması və həcminin kiçik olması. Bununla bağlı Rusiya hökuməti konkret planlar üzərində işləyir və yaxın 2-3 il ərzində bu məsələlər də öz həllini tapdıqda taxıl istehsalını (və ya əkini) daha da artıracaqlar. Bu isə Qazaxıstan xaric digər MDB ölkələrinin Rusiya taxılı ilə dolması, nəticədə strateji məhsul üzrə asılılığı deməkdir. Eyni fikri həm ət və ət məhsulları, həm də süd və süd məhsulları haqqında demək olar. Qeyd edək ki, kənd təsərrüfatının inkişafı üçün ölkədə 2015-2017-ci illərdə həqiqətən kifayət qədər addımlar atılmış, bir çox güzəştlərin tətbiqi davam etməkdədir, fərman və sərəncamlar öz bəhrəsini verəcəkdir. Lakin, qeyd etdiyim sahələr üzrə yuxarıdakı amilləri nəzərə alsaq, 2018-ci il ərzində həmin sahələra daha da incə və spesifik yanaşılacağını düşünürəm. Məsələn, Afrikanın ucuz maya dəyəri olan keyfiyyətli pambığına qarşı ABŞ hökumətinin gördüyü tədbirlər (alış qiymətini yüksək qoyaraq fərqin subsidiyalaşdırılması və sair) bizdə ən strateji sahə olan taxılçılığa tətbiq oluna bilər. Məhz taxılçılıq, ət və süd məhsulları gəlirdən daha çox ölkənin ərzaq təhlükəsizliyi deməkdir, strateji və siyasi əhəmiyyətini isə hər kəs bildiyindən qeyd etmək artıqdır. Kənd təsərrüfatının digər sahələri, xüsusilə baramaçılıq, fındıq, bal, istilikxanalar, sitrus meyvələri və sair sahələri üzrə görülən işlərin nəticələri hiss olunmaqdadır. Bu sahə ilə bağlı bir məsələni də qeyd edim. Təhlil və araşdırmalar göstərir ki, Rusiyada da kooperativlərin yaradılması, təmərküzləşməyə çalışılması öz effektini vermədi, bəzi hallarda böyük zərərlər oldu. Əsas istiqamət təcrübəli fermer təsərrüfatlarının dəstəklənməsi, effektiv maliyyələşmə oldu. Nəticədə fermer təsərrüfatları təbii şəkildə genişləndilər və böyüdülər.

Tranzit və nəqliyyat dəhlizləri ilə qısa fikir bildirmək istərdim. Bu sahə ilə bağlı həqiqətən böyük işlər görülməkdədir. Bu işlərin həm də siyasi yükü ağırdır, xarici çətinliklər və əngəllər çoxdur, lakin ölkə bu sahədə bir çox əngəlləri aşa bilmişdir. Əhəmiyyətli, dərin, siyasi yükü yüksək, investisiya həcmli, gəlirli və strateji bir sahədir. Bu sahədə görülən işlər növbəti illərdə də davam edəcəkdir.

Qeyd olunanlarla bağlı bütün təhlillərdə xarici şoklar (müharibələr, xarici ölkələrdə, xüsusilə yaxın və qonşu dövlətlərdə maliyyə böhranları və sair) istisna edilir. Çünki, bu şokların əhatə və təsir dairəsi bəzən proqnozlaşdırılandan daha yüksək olur.

Son xəbərlər
Digər xəbərlər