13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

İqtisadçı alim, akademik Ziyad Səmədzadə Prezident İlham Əliyevə məktub ünvanlayıb

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Cənab, İlham Heydər oğlu!
Siz 8 noyabr 2020-ci il tarixində müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanından Azərbaycan xalqına müraciət etdiniz, bütün dünyaya səsləndiniz, hər bir kəsin qəlbini yaxşı mənada riqqətə gətirən, köksündən çıxaran xəbər verdiniz.

Elə bir xəbər verdiniz, elə bir müraciət etdiniz ki,  ecazkarlığı hələ də qulaqlardan getmir, möhtəşəmliyi hələ də göz yaşlarını qurumağa qoymur.
Bu göz yaşları da kədər, nisgil deyil, sevinc, zəfər göz yaşlarıdır.

Bu, elə bir xəbər idi ki, hələ də  nəinki Azərbaycan və azərbaycanlılar, bütün dünya ondan danışır, onun sehrindədir.

Siz düz 28 il  6 ay öncə murdar, yağı düşmən, işğalçı Ermənistan tərəfindən qəsb edilmiş müqəddəs Şuşamızın, nəinki Azərbaycanın, bütün dünyanın musiqi, mədənəviyyət konservatoriyası sayılan, dahilər, korifeylər məskəni olan yurd yerimizin- qədim qalamızın  işğaldan azad olması xəbərini bütün cahana yaydınız.

1992-ci ilin may ayının 8-də işğal edilmiş yaralı Şuşamızın işğaldan qurtulduğunu, Şuşasızlığımıza, Şuşa həsrətimizə son qoyulduğunu bəyan etdiniz.
Bundan böyük sevinc, bundan böyük müjdə, bundan qeyri möhtəşəmlik ola bilməzdi.
Bunu Siz etdiniz, bunu Siz bizlərə yaşatdınız.
Bunu Sizin başçılıq etdiyiniz müzəffər, şanlı, rəşadətli Azərbaycan Ordusu, igid Azərbaycan əsgəri etdi.

Sizsiniz bu zəfərin, bu qalibiyyətin memarı, müəllifi, bu, Sizin əsərinizdir.
Siz və Sizin müzəffər Ordunuz böyük və qara bir ləkəni bir xalq, bir millət, bir dövlət olaraq, bizim üzərimizdən sildiniz,  birdəfəlik tarixin arxivinə atdınız.
Müraciətinizdə də deyildiyi kimi:
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Bəli, Şuşa bizimdir! Bəli, Qarabağ bizimdir!
Var olun, müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə!
Var ol, igid, şanlı Azərbaycan Əsgəri!
Sizlərə minnətdarıq, Sizlərə borcluyuq!
Sizlərin-qanı torpağa qarışmış, Vətənə çevrilmiş, ölümsüzlüyə qovuşmuş Şəhidlərin qarşısında baş əyirik!
Başınız uca və var olsun!
Cənab İlham Heydər oğlu!
Qədim və böyük tarixə malik olan Azərbaycan xalqı tarixən öz şəxsiyyətləri, dünyaya səs salan sərkərdələri, cahangirləri ilə tanınıb.

İgidlik, qəhrəmanlıq simvolu Koroğlu, fatehlər fatehi Şah İsmayıl Xətai,   Nadir Şah, Cavad xan  kimi Vətən oğulları dünyanın hərb tarixində adlarını qızıl hərflərlə həkk etdiriblər.
Siz də cəmi 45 gün ərzində Azərbaycanın 28 illik  işğal faktına son qoydunuz, Azərbaycan torpaqlarını işğaldan azad etdiniz, Azərbaycanın bütün ərazilərində suvrenliyini bərpa etdiniz, məğlub xalqı qalib xalqa çevirdiniz.

Bütün dünyaya nümayiş etdirdiniz ki, Azərbaycan xalqı qalib xalqdır.
Bütün Azərbaycan xalqı Sizi Qəhrəmanı, Xilaskarı kimi qəbul edir, adınıza and içir.
Bu, heç də hər kəsə, hər bir dövlət və siyasət xadiminə nəsib olan xoşbəxtlik deyil.
Siz bunu öz iradəniz, öz qətiyyətiniz, öz cəsarətiniz, öz 17 illik uzaqgörən, müdrik siyasətiniz ilə qazandınız.

Dediyiniz kimi, bu uğurlar, bu qələbələr, bu zəfərlər heç də elə-belə baş verməyib.
Bu qələbələrin, bu zəfərlərin kökündə həm də iqtisadi gücümüz, inkişaf, tərəqqi edən Azərbaycan iqtisadiyyatı durur.
Güclü iqtisadiyyatımız, sürətli, dinamik inkişafımız olmasaydı, bəlkə də bu gün yaşananlar mümkün olmazdı.

Bütün bu tarixi uğurların müəllifi Sizsiniz və bunlara görə bir daha Sizə minnətdarıq.
Bu güclə, bu qüdrətlə, bu əzmlə biz hələ çox cəbhələrdə qələbələrə və zəfərlərə imza atacağıq.
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır və nida işarəsi!

 

ziyad

 

Hörmətlə,
akademik Ziyad  SƏMƏDZADƏ  
Son xəbərlər
Oxşar xəbərlər
X