“Qətərdə baş verən hadisələr dünyada qazın qiymətinə təsir etməyəcək. Qazın qiymətinin isə qısamüddətli dəyişkənliyi azdır, çünki əsasən uzunmüddətli müqavilələr əsasında qabaqcadan müəyyən olunur və boru kəmərləri vasitəsi ilə satılır. Buna görə də bu ölkə ətrafındakı konflikt qazın qiymətini artırmadı”.
Bu sözləri açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Ekspert qeyd edib ki, əgər dünyada Qətər uğrunda savaş başlasa, həmin regiondakı neft ölkələri ciddi problemlə üzləşə bilərlər: “Əgər Qətərə hücum olsa, bunu ikinci “Ərəb baharı” adlandırmaq olar. Ancaq bundan sonra neftin qiymətində kəskin dəyişikliyi görmək olar”.

İlham Şaban narahatçılığın əsassız olduğunu deyərək, belə bir halın baş vermədiyini, siyasi proseslərin neftin də qiymətinə təsir etmədiyini bildirib: “Buna baxmayaraq Qətər ətrafındakı konflikt qazın qiymətini artırmadı. Əksinə, Qətər OPEK üzvü olduğu və həmin təşkilatın üzvlərinin neftin qiymətinin düşməsinin qarşısını almaq üçün hasilatın azaldılması haqda bağladıqları razılığa riayət etmələrinə şübhələr artdı. Digər tərəfdən, İrana qarşı da sırf neft-qaz sahəsində hər hansı sanksiya hələlik yoxdur, neftini rahat satır. Hətta hərbi çəkişmələr güclənsə belə, bu dəyişməyəcək”.
Bildirək ki, ekspertlər Qətərlə ərəb ölkələri arasındakı gərginliyin əsas səbəblərindən biri kimi Qətərlə İran arasında təbii qaz sahəsində əməkdaşlığı irəli sürürlər. Dünya mətbuatında Qətərin yenidən İranla bu istiqamətdə çalışmağa başlamasının Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Liviya, Yəmən kimi ölkələrin etirazına səbəb olduğu barədə yazılar dərc olunur.







