İlin əvvəlindən bu yana dollar avroya nisbətdə təxminən 10%, yenə nisbətdə isə 3-4% ucuzlaşıb ki, bu da kəskin böhran şəraitində valyuta bazarı üçün xarakterik cəhət deyil.
Banker.az xəbər verir ki, iqtisadçı Stephen Roach-ın fikrincə, bu, dolların uzunmüddətli enişinin əlamətidir. Birincisi, buna ABŞ-ın büdcə kəsiri təsir göstərir, ikinci əsas amil isə ABŞ-ın pul ehtiyatının çox az olmasıdır.
Roach-ın qiymətləndirmələrinə görə, dollar iqtisadi şoklara qarşı həssasdır. Bundan əlavə, yaxın iki ildə qaçılmaz olan böyük büdcə kəsirləri ABŞ valyutasına enmə təzyiqini artıracaq. Beləliklə, 2020-ci ildə federal büdcə kəsirinin 16%, 2021-ci ildə isə “cəmi” 8,6% səviyyəsində olacağı hüman edilir. Bu ilki enişə baxmayaraq, real məzənnə 2011-ci ilin ən aşağı səviyyəsindən 27% yüksəkdir. Roach-a görə, gələn ilin sonuna qədər dollar əsas valyutalara münasibətdə 35%-dək düşə bilər. Bu, avronun 1,5 dollar səviyyəsinə çatması (və bu həddi aşması) deməkdir.
“Bank of Singapore” bankının baş iqtisadçısı Mansur Mohiuddin hesab edir ki, bu il yuanın dollar qarşısında nəzərəçarpacaq dərəcədə artması, gələcəkdə dolların zəifləməsinə işarə edir. “A. G. Bisset”in mütəxəssisi Ulf Lindahl bildirir ki, gələn il dollar avroya nisbətən 36% ucuzlaşacaq.
“Goldman Sachs” analitikləri yaxın gələcəkdə dollar məzənnəsinin aşağı istiqamətli hərəkət edəcəyini proqnozlaşdırırlar: onlara görə, 2023-cü ildə bir avro 1,3 dollara bərabər olacaq.
Milyarder Ray Dalio dünyada dolların mövqeyini zəiflədə biləcək dövlət borcunun monetizasiyası təhlükəsi haqqında xəbərdarlıq edib. O, eyni zamanda yen və avronun oxşar problemlərlə üzləşdiyini və investorların başqa investisiya variantlarını axtarmalı olduqlarını söyləyib. Əgər investorlar dollar və digər valyutalardan uzaqlaşmağa başlasalar, mərkəzi banklar pul vahidlərinin müdafiəsinə keçməyə məcbur olacaqlar ki, bu da vəziyyəti daha da pisləşdirəcək.