3 C
Baku
Saturday, December 14, 2024

İqtisadçılardan Palatanın kredit qadağasına etiraz

Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib.  Palatanın bu qərarı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Qərar etiraz edənlərin içərisində iqtisadçılar üstünlük təşkil edir.

Ekspertlər etirazlarını Maliyyə Bazarlarına Nəzarət Palatası qadağası barədə verdikləri şərhlərdə açıq bəyan edirlər.

Təqaüdçü yüksək pensiya alırsa və hətta öz həyatını sığorta etdirib kredit üçün müraciət edirsə bank nə üçün ona mənfi cavab verməlidir?

İqtisaçı-alim Vüqar Bayramov beynəlxalq praktikada hansısa yaş qrupuna keditlərin verilməsinin qadağan edilməsi halına rast gəlinmədiyini bildirib: “Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, onun yaşından, peşəsindən asılı olmayaraq kredit almaq hüququ olmalıdır. Eyni zamanda, kimə kredit verib-verməmək hansısa qurumun deyil, bankın səlahiyyətindəki məsələ olmalıdır. Müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir. Eyni zamanda, əgər təqaüdçü yüksək pensiya alırsa və hətta öz həyatını sığorta etdirib kredit üçün müraciət edirsə bank nə üçün ona mənfi cavab verməlidir? Ödəmə qabiliyyəti olan pensiyaçı yaşı nisbətən çox olduğuna görə niyə kredit almaq hüququndan istifadə etməməlidir?bayramov vuqar

Yaş heç zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyətinin olmasıdır. Eyni zamanda, beynəlxalq praktikada konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiya kimi qiymətləndirilir. Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə problemli kredit məsələsini həll etmək mümkün deyil. Bunun üçün daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Qərar insan haqlarına ziddir

Etirazçılardan biri də ekspert Qubad İbadoğludur. O, qeyd edib ki, 18 gün əvvəl valyuta ilə kreditlərin verilməsini 1 ay müddətinə dayandıran Maliyyə Bazarlarına Nəzarət Palatası indi də kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin qadağasına dair qərar qəbul edib:

“Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. İqtisadi məntiqlə izah olunmayan bu yanaşma bir tərəfdən insan hüquqlarına, digər tərəfdən də sosial müdafiə sisteminə ciddi zərbə vura bilər. Əvvəla, hesab edirəm ki, bütün pensiyaçılara eyni kateqoriyada yanaşıb, onların hamısının ödəniş qabiliyyətinin aşağı olmasını düşünmək yanlışdır.

Birincisi, pensiyaçıların özləri fərqli kateqoriyada (dövlət qulluqçuları, hərbiçilər və s.) müxtəlif səviyyədə təqaüd alırlar. Onlar arasında hətta bu gün işləyənlərin əmək haqlarından çox aylıq təqaüd alanlar vardır. İkincisi, pensiyaçılar arasında işləyənlər və fərdi bizneslə məşğul olanlar da vardır ki, onların da ödəmə qabiliyyətinə şübhə etməyə dəymir. Üçüncüsü, bəzi pensiyaçılar banklarda əmanətlərə malikdir və onlar depozitlərdən də gəlir əldə edirlər.

Nəhayət, hətta işləməyən və depozit olmayan pensiyaçının da borc vəsaitlərindən faydalanmaq hüququ vardır. Onlar üçün bir çox ölkələrdə hətta sosial kredit paketləri də təqdim olunur.

Görəsən pensiyaçılara kredit verilməsini qadağan edən Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbələrə kredit verilməsinə münasibəti necədir? Axı tələbələrin təhsil aldığı dövrdə ödəniş qabiliyyəti ümumiyyətlə mövcud olmur”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər