Bəs dövlətin, ölkə başçısının bu addımlarına iş adamları, sahibkarlar necə cavab verəcəklər? Bax bu çox ciddi bir məsələdir. Əgər vergidən yayınma və qanunsuz fəaliyyətlə məşğul olmaq kimi cinayət tərkibli əməllərə görə dəymiş ziyanın məbləğini dövlət 10-20 dəfəyə qədər artırısa və eyni zamanda bunun bilərəkdən və ya bilməyərəkdən baş verməsinin fərqinə varmadan, dəymiş ziyanın bir necə misli qədər ödənişi qəbul edib, iş adamını, sahibkarı cinayət məsuliyyətindən qurtarırsa, deməli iş adamları, sahibkarlar da üzlərini 180 dərəcə dövlətə tərəf çevirməyi bacarmalıdırlar. Bu gün sahibkar da iş adamı da başa düşməlidir ki, hər bir məsələdə olduğu kimi burada da münasibətlərin qarşılıqlı olması vacibdir.
Əgər sahibkar, iş adamı bu gün onun üçün yaradılan bu münbit şəraiti düzgün qiymətləndirə bilməsə və dövlətin bu addımlarını ona “vergidən daha çox yayınmaq” və “daha çox qanunsuz fəaliyyətlə məşğul olmaq” şansı kimi dəyərləndirərsə, bir müddətdən sonra bunun acı nəticələrinin ola biləcəyini də göz önünə gətirməlidir.
Yəni belə olarsa, onda dövlət verdiyi bu şansı haqlı olaraq ciddi cəzalarla əvzləyə bilər. Odur ki, bu gün bu məsələ hər bir iş adamını, sahibkarı dərindən düşündürməlidir. Hər kəs dövlətin bu addımlarından sonra büdcə qarşısında vergi borclarını ödəmək məsələsində maksimum intizamlı olmalıdır. Necə ki, dövlət cinayət halı yarada bilən məbləği 10-20 dəfəyə qədər artıraraq iş adamının, sahibkarın vəziyyətini yüngülləşdiribsə, iş adamı da, sahibkar da bunun qarşılığını dövlətin büdcəsinə vergi borcunu ödəmək sahəsində öz məsuliyyətini bir o qədər artırmaqla verməlidir.
Bu gün hansısa ticarət obyekti öz rəsmi dövriyyəsini 40 dəfəyə qədər gizlədib vergidən yayınırsa və hələ bu az imiş ki, vergi güzəşti əldə etmək üçün dövlətin üzərinə yeriməyə cəhd edirsə, deməli belələrini mütləq cəzalandırmaq lazımdır. Beləsinə heç bir güzəşt ola bilməz.
Fikrət Yusifov