“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında yaradılan və İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) 2021-ci ildə gəlirlərini kəskin artırıb.
Bu barədə Banker.az İqtisadi Zonaların İnkişafı Agentliyinin “Nexia EA” audit şirkəti tərəfindən verilən audit rəyinə istinad edir.
Göstərilir ki, agentliyin gəlirləri 2021-ci ildə 32.45 milyon manat təşkil etmişdir. Bu da öncəki ili (nəzərə alsaq ki, ötən il SKSP kimi fəaliyyət göstərirdi) 75 faiz üstələyir. İZİA-nın gəlirlərinin 30.32 mln. manatı əsas əməliyyat gəlirləri olub.
Gəlirlər artdığı kimi, onun xərcləri də yüksəlib. Hesabat ilində, 32.02 mln. manatlıq xərclər edib – bu 2020-ci ildə 18.15 mln. manat üzərində idi. Bununla da onun mənfəətinin 0.42 mln. manat olduğu ortaya çıxır ki, bu da öncəki illə müqayisədə dəyişməzdir.