İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib. Ticarət əlaqələrinin şaxələndirilməsi və artırılması da prioritet istiqamətlərdəndir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yeni mexanizmlər tətbiq edilir. Belə ki, Latviyanı da əhatə etməklə Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycan Ticarət nümayəndəliyi və Riqada “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir.
Mikayıl Cabbarov Ermənistanın ölkəmizə qarşı işğalçı siyasəti və bu ilin sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlaması, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik boru kəmərlərini zədələmək cəhdləri barədə məlumat verib. Vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində uğurlu əks-hücum əməliyyatları aparır.
Görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı və digər məsələlər müzakirə edilib.