Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi bu ilin iyunun 1-nə 21 206,5 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi ilin əvvəlindən 3 374,4 mln. manat və ya 13,72%, mayın 1-nə nisbətən isə 529,7 mln. manat və ya 2,43% azalıb. İqtisadiyyata kredit qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 1 287,9 mln. manat və ya 5,72% azalıb.
Ötən ilin dekabrında baş verən ikinci devalvasiya nəticəsində dollar kreditləri yanvarda məcmu kredit qoyuluşlarını artırıb. Lakin yanvar-may aylarında kredit qoyuluşları azalma tendensiyasını davam etdirib. Buna səbəb kimi bank sektorunun kreditləşməni dayandırması və dövlət investisiya qoyuluşlarının azalması göstərilir.
“Report”un analitik qrupu 2016-cı ilin iyun statistikasında iqtisadiyyata kredit qoyuluşlarında azalmanın bir az yumşalacağını ehtimal edir: Bunun səbəbi iyun ayında manatın məzənnəsinin dollarla müqayisədə zəifləməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənnəsinin azalması dollar kreditlərinin manat ekvivalentində dəyərini artırır.
—Report