Bəzi səbəblərdən son günlər mətbuatdan gələn istisnasız olaraq bütün sorğular tərəfimdən cavabsız qaldı. Açığı öncəki həftələrdəki açıqlama və müsahibələrimi də 1-2 veriliş istisna olaraq paylaşmadım. Niyə heç bir məsələyə münasibət bildirmirsiniz sualına ayrı-ayrı cavab vermək əvəzinə burada qeyd etməyi məqsədəuyğun hesab etdim.
İqtisadiyyat da orqanizm kimidir. Məsələn, appendisit yetişib, kəsilməlidir. Amma xəstə ağrıkəsicilərlə, həmin hissəni isti saxlamaqla müalicə olunacağını düşünür, lakin bu hərəkətlərlə əksinə, prosesi daha da sürətləndirir, appendisit partlayır, bütün bədəni zəhərləyib məhv edir. Bu misal aşağıdakı fikirlərin bir çoxuna aiddir.
Sadə məsələlərdən başlayaq:
– Ətin qiyməti qalxır. Səbəbləri (bəziləri yanlış qeyd olunsa da) prinsip olaraq əsas istiqamətlər üzrə bəllidir. Bəs faktiki olaraq (vurğulayaraq faktiki olaraq deyirəm, nəzəri deyil), çıxış yolunu nədə görürük? İdxalda. Amma dünyada ət qiymətlərinin artım tendensiyalarının səbəblərini, istiqaməti müəyyən etmək istəyirik? Yox. Ölçmə, analizlərlə proqnoz edə bilirik? Yox. Proqnoz etsəydik, perspektivlərini daha aydın dərk edərək bu gün ölkə olaraq əlimizi-qolumuzu çırmalayıb maldarlığın inkişafı üçün konkret proqram qəbul edərdik. Ətlə bağlı eyni fikir kərə yağına və digər ərzaqlara da aiddir;
– bu gün nə baş verir sualını hər kəs bir-birinə verir. Niyə? Çünki, resurs iqtisadiyyatının xüsusiyyətini öyrənmək istəmədik. Əslində, biz bunu 1990-cı illərin sonlarından öyrənməyə başlayamalı idik. O zaman “resurs lənəti” anlayışını tam dərk edərək bu gün o lənətin acı təsirlərini hiss etməyəcəkdik;
– biz resurs kapitalının sürətli və səmərəli bir şəkildə digər kapital növünə çevrilmədikdə nə üçün mənsub olduğu məkan və zaman baxımından baş ağrısına, problemə çevrilə biləcəyini tam araşdırmadıq, qəbul etmək, eşitmək istəmədik;
– vizyon, klaster və sair dəbdə olan sözlərin mənasını tam anlamadan yeri gəldi gəlmədi işlətməklə məsələləri həll edəcəyimizi düşündük. Klaster geniş və dərin məsələdir. Baş vurmuram. Amma, vizyonu belə düzgün anlamadıq. Vizyon geniş mənada sərhədləri aşaraq hər kəsin görmədiyini görə bilməkdir, yeni nəsə tapmaqdır. Çatışmazlığı səbəbindən bircə brend belə hazırlayıb sərhədlərdən o tərəfə çıxara bilmədik;
– son 3-4 ildə haqqında ən çox düşündüyüm məsələni bölüşmək istərdim. Hazırda barmaqla sayıla biləcək bir neçə ölkənin beyin mərkəzləri (qalan bütün ölkələrin mətbuat, populist düşüncə sahibləri tamam başqa ucuz fikirləri tirajlayır, diqqətləri yayındırmaqla özləri daha çox fayda götürürlər) nə düşünür? Texnoloji inkişaf əmək bazarına ciddi təsir göstərəcək. Yəni, təkcə işsizliyi düşünməyək, texnologiya həm də əmək bazarının strukturunu dəyişir və dəyişəcək. Texnoloji inkişaf həm işsizlik yaradacaq, həm də işçi çatışmazlığı. Arayış: Bu səbəbdən Green Card proqramı da qeyri-müəyyən müddətə dayandırıldı, ABŞ, Avropa İttifaqı və digər ölkələr kütləvi miqrasiya proqramlarını ləğv edib beyin ovu siyasətinə keçdilər. Rusiya isə (demoqrafik vəziyyət katastrofik həddədir) ciddi işçi qüvvəsi çatışmazlığını həm də MDB ölkələrindən olan miqrantları Hindistandan cəlb etdiyi miqrantlarla əvəzləmək siyasəti ilə həll etməyə çalışır. (Nəticələrini rus xalqı illər sonra görəcək). Ölkələrə əzələ deyil, beyin lazımdır. Deməli, əmək bazarı kəmiyyət tələbindən keyfiyyət tələbinə keçir. Burada 3 əsas tərəfin hər birində yaranmaqda olan vəziyyətə qısaca nəzər salaq:
1) Təhsilin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Çevik, dinamik, məqsədyönlü, istedadı üzə çıxarıb onu əmək bazarında yerləşdirə biləcək təhsil sistemi. (fokusda fundamental məsələlər olmalıdır, biz isə hələ də müəllimlərə fokuslanaraq ilişib qalmışıq);
2) Əmək bazarı. Çox təəssüf ki, bu məfhumu da, yanaşmanı da primitivləşdiririk. Məşğulluğun, əmək bazarının iqtisadiyyatda fəlsəfəsini, mahiyyətini, rolunu və yerini dərk edən də, etməyən də bu sahədən danışır. Nəticədə, əmək bazarı hansı tələblərə cavab verməklə yanaşı hansı tələbləri qoymalıdır məsələsi açıq qaldığı üçün mühərriksiz yelkənli gəmiyə çevrilərək okeanın ortasında köməksiz vəziyyətə düşür. Səsi çıxmayan əmək bazarı təkcə texnoloji deyil, bir çox sahələrdə dəyişiklik, gözəllik xatirinə edilən, bəzən də gecikmə nəticəsində məcburiyyətə çevrilən hər cür dəyişikliklərin qurbanına çevrilir;
3) ən böyük yük də, ağırlıq da, məsuliyyət və vəzifə də iqtisadiyyatın üzərinə düşür. İqtisadiyyat burada həm təhsil, həm əmək bazarı üçün əsas drayver rolunu oynamalıdır. Bu drayverin əsas funksiya və vəzifələrindən saatlarla danışmaq olar. Lakin, bir önəmli sual qoyacam: Əgər bu qədər şişmiş dövlət strukturlarında ixtisaslı, savadlı kadrlar yerində olmayanların səbəbindən özünə iş tapmırsa (bu hərtərəfli faciənin təkcə bir tərəfinə baxaq), o halda bu günün savadlı tələbələri ən azı “savadlılar iş tapmırsa mən gələcəyimi başqa ölkədə qurmalıyam” fikrinə sahib olurlar. Nəticədə yuxarıda qeyd etdiyim məsələ, xarici ölkələr üçün hazır, gənc kadrlar, beyinlər yetişdirməklə məşğul olmağa məhkum olmuruq? Və yaxud, iqtisadiyyat savadlı kadrları həzm edə bilmədikcə (yəni savadlı kadra tələb aşağı düşür), növbəti savadlı kadrların yetişmələri üçün motivasiyanın düşməsi faciəsi haqqında düşünürük?
Kadr məsələsindən söz düşmüşkən. Əksər sahələrdə (peşəkarlıq prinsipləri əsasında kadrlar cəlb edən, ətrafında balans yaradan qurum rəhbərləri əlbəttə istisnadır. Belə azsaylı rəhbər işçilər var və bu kimi yanaşmaların sayəsində konkret nəticələrə də nail olurlar) kadr tapa bilmirik deyiriksə də günahı özümüzdədir. Vaxtilə savad, dürüstlük kriteriyalarından başqa digər kriteriylarla (nepotizm, tayfabazlıq, qohum və yerlibazlıq prinsipləri ilə) “sözəbaxan”, “sadiq” kadrlarımızı yerləşdirmək xatirinə savadlı kadrları əlimizin arxası ilə kənarlaşdırıb küsdürdükcə dövlətin ən sadə tapşırıqlarını, ölkə Rəhbərinin Fərmanlarını layiqincə yerinə yetirə bilməməyin, səmərəli iş ortaya qoya bilməməyin təqsirini də özümüzdən başqa heç yerdə axtarmamalıyıq. Bu istiqamətdə üzərində düşünüləcək faciələrimiz çoxdur.
Biz bu 3 əsas istiqamətin hər biri üzrə nümunə olaraq bizim kimi ölkələr üçün aktual olan bir-iki məsələyə toxunduq. Bəs yuxarıda qeyd etdiyim azsaylı ölkələrin beyin mərkəzləri nəyi düşünür? Əslində nələr düşünülməlidir? Onlar düşünürlər ki, texnoloji inkişaf ciddi sosial qayğılar (yeniliyə adaptasiya ola bilməyən, təhsilsiz, yaşlı, həssas təbəqələr və sair sayı çoxalacaq) formalaşır. Hər hansı gəliri olmayan, maaş almayan hər bir şəxs əslində iqtisadiyyat üçün həm qazanmadığı, həm də istehlak edə bilmədiyi üçün yükə çevrilir. Yəni, əhalinin nə qədər çox hissəsi qazanmırsa, deməli o qədər az yığım (investisiya) və o qədər az istehlak (xərcləmə) var. Bu isə biznes mühitinin, iqtisadi daralmanın sürətlənməsi deməkdir. Çıxış yolu daha çox insanın işləməsini təmin etməkdir. Burada da çox dərinə getmədən üzərində düşünülən bir neçə çıxış yoluna toxunmaq istərdim: iş saatlarının azaldılması ilə daha çox insana iş imkanı (burada da ciddi çətinliklər var), texnologiyanın daha əhatəli tətbiqi ilə səmərəliliyi (xüsusilə ölkə üzrə 1 saatlıq orta məhsuldarlığın yüksəldilməsi ilə) ÜDM-nin artırılması və artan ÜDM-nin əhalinin həssas qrupları arasında bölüşdürülməsi (buna nail olan ölkələr var), özünüməşğulluğun səmərəli bir şəkildə artırılması üçün daha təsirli və səmərəli mexanizm və prosedurların işlənib tətbiq olunması və sair. Bu fikri yekunlaşdırsaq, hazırda beyin mərkəzlərinin bu istiqamətdə (mənim də hazırda prioritet olaraq üzərində düşündüyüm 4 əsas məsələdən biri) həll etməyə çalışdığı məsələ, texnologiyanın, süni intellektin iqtisadiyyatlarda mənfi deyil, müsbət tendensiyalar formalaşdırması, gətirdiyi faydanın vurduğu zərərləri kompensasiya edib üstələməsini təmin etməyin yollarını tapmaqdır.
Bu səbəbdən, məsələlərə fraqmental təklif (ağrıkəsicilər) və səhv yanaşmalarla (appendisit bölgəsinə soyuq dəyib, ora isti qoyaq, keçib gedər düşüncəsi) yanaşmaq (və ya onlara fikir bildirmək) əvəzinə kompleks, Dövlətin və dövlətçiliyin əsas strateji istiqamətlərinə xidmət edəcək, onu gücləndirəcək bir iqtisadiyyatın formalaşmasını təmin etməli olan Proqram və Yol Xəritələri (appendisitin kəsilməsinə hazırlıq) prinsipi ilə yanaşmağı daha vacib, aktual və məqsədəuyğun hesab edirəm.
Bütün bunlar üçün çox işlər görülməli, yanaşmalar dəyişməlidir. Biz ayrı-ayrı məhsullarda qiymət formalaşmasının səbəb və mahiyyətini dərk edə bilmirik, tapa bilmirik, ümumiyyətlə bu sahədə ləng və səmərəsiz fəaliyyətə davam ediriksə, o zaman bir çox məsələlərin həlli çətin olacaq. Biz bu kimi ilkin mərhələlərdə məsələləri həll etmədikcə yuxarıda qeyd etdiyim bəzi fundamental məsələləri nəinki həll etmək, heç o mövzuya çata bilməyəcəyik.
P.S. Düşünürəm ki, ayrı-ayrı fraqmental məsələlərə niyə fikir bildirməyə həvəsli deyiləm sualına azacıq da olsa cavab verə bildim. Məsələn, elektron siqaretlərin qadağan olunmasına münasibətiniz? Google`da axtarış etməklə 2 il öncə bunun fəsadları və qadağan olunmasının vacibliyi ilə bağlı qeydlərimi (mediadakı dostlar xatırlayar, bununla bağlı hazırlanan 2 süjetdə müsahibələrim də olmuşdu) tapa bilərsiniz. Vacib və gözəl qərardır, lakin indi bu qədər fundamental məsələlər fonunda müzakirəsinə çox vaxt ayırmağı lüzumsuz hesab edirəm. Və yaxud, müəllimlərin 8 saatlıq iş rejiminə keçidinə münasibətiniz? Nə cavab verim?? Yuxarıdakı yazıdakı fikirlərimi desəm, düşünərlər ki, biz sadə sual verdik, amma mürəkkəb cavab aldıq. Bəzən anlaşılmaz da…
Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert







