6 C
Baku
Saturday, December 14, 2024

İqtisadiyyatda pul haradan çıxır, hara gedir [bloq]

İqtisadiyyatda pul axımlarını yaxşı anlamaq lazımdır. Pul haradan çıxır hara gedir. Amma bunun üçün də pul-monetar sistemin infrastrukturunu başa düşəsən. Verilən qərarlar pulu bir əldən alıb o birinə verir. Müasir pul-monetar sistemini (ABŞ-da) başa düşmək vacibdir. Bu sistem iki pilləlidir. Birinci pillə FED-lə banklar arasında, ikinci pillə isə banklarla müştərilər arasındadır. Bankların FED-də ehtiyat hesabları var. Bu hesablar arasında ödəmələr olur. Bu ödəmələr bir bankın FED-dəki hesabından o biri bankın FED-dəki hesabına gedir.

Banklarda isə müştərilərin depozit hesabları var. İqtisadiyyatda istifadə edilən əsl pul bu hesablardadır. Bir mənada banklar kredit verməklə yeni pul yaradır. Kredit verən kimi sistemdə depozit hesabı açılır və pul ora qoyulur. Sonra da real iqtisadiyyatda istifadə edilir. Sadəcə bunu edərkən banklar bilməlidir ki, kredit batmayacaq və kifayət qədər sərmayəsi var – qaydalara uyğun olaraq. Sonra müştəri pulu götürüb kiməsə ödəmə edəndə onun bankında hesab artır.

PUL BİRBAŞA REAL İQTİSADİYYATA GEDİRMİ?

Bankların bir-birinə aşağı faizdən vəsait verməsinə çalışa bilər, lakin FED özbaşına sistemə pul əlavə edə bilməz. Amma faizlər sıfıra qədər düşəndə daha aşağı getmək olmur – gərək nəyinsə əvəzində etsin bunu. Pulu artıran dövlət büdcəsi – yəni Xəzinənin borclanmasıdır. Xəzinə büdcə kəsirini örtmək üçün borc alır – borc kağızı satır. FED isə o kağızların əvəzində pul verir. Son 20-30 ildə etdiyi kimi. FED banklara deyir gətirin Xəzinədarlığın kağızlarını, mən sizə nağd pul verim. Ehtiyat hesablara yeni pul gəlir. Deməli banklara əlavə vəsait gəlir. Amma bu onların hesabında mexaniki dəyişiklikdir, yəni real iqtisadiyyata hələ getmir.

FED hətta tərs repo əməliyyatı edib vəsaitləri çəkə bilər – yenə bir hesabdan o birinə. Real iqtisadiyyata kredit verməsələr bu pul sistemdən kənara çıxmır. Bazel 3 də deyir mümkün qədər yüksək keyfiyyətli likvid vəsaitlər saxlayın. Dövlət istiqrazlarına yatırım etməyi ya da ehtiyat kimi saxlamağı üstün tuturlar. Ona görə iqtisadiyyatdakı “faydalı” pulu miqdarı üçün bankların verdiyi kreditlərə baxmaq lazımdır.

Hökumətə də sərf edir, büdcə kəsirini örtmək üçün borclanmaq ucuz olur. Bankın kredit verməyi üçün də kredit vermək gərək sərfəli ola. Həm də yetərli sərmayə ola – çünki FED və başqa qurumlar monitorinq edib onların sərmayə yetərlilik faizlərinə baxırlar – Bazel qaydalarına uyğun olaraq yenə. Alternativ kimi investisiya etdikləri maliyyə kağızları (birja ya başqa) gərək cəlbedici olsun. Elə bir çox yerdə risk iştahının artması buna görədir, bol pul daha çox risk iştahı yaradır.

Vətəndaşa birbaşa yeni pul (kredit kimi yox) büdcədən gəlir. Deyək ki, Xəzinədarlıq deyir hamıya 1 000 dollar pul verəcəyik. O pullar hərənin öz bankındakı hesabına gəlir. Amma Xəzinədarlıq bu vəsaitləri borc alır. Borcu da əsas diler banklar verir. Xəzinədarlıq sonra o vəsaiti özünün hara ödəmə etmək istəyirsə FED-dəki hesabından o hesablara köçürür. Tutaq ki, uşaq pulu alırsınız, sizin bank hesabınıza gəlir.

Bankların maliyyələşmə mənbələrinə baxsaq COVID-19-la bağlı verilən birbaşa yardımlara görə depozitlərin həcmi çoxalıb. Çünki dediyim kimi vəsaitlər şəxslərin ya şirkətlərin bank hesablarına yatır. Banklar üçün yaxşıdır ki, bu vəsait ucuzdur, rəqabət aparmalı deyillər və banklararası bazardan asılılıq azalır.

ZƏNGİNLİK ARTIR…

2008-dən fərqli olaraq COVID-lə bağlı sistemə girən yeni pullar əsasən orta və kasıb əhalini gəlirlərini və yığımlarını artırmağa kömək etdi. Onlar da bu vəsaitlər iqtisadiyyatda tələb yaradırlar. Əlbəttə Xəzinə borc alır – büdcədə kəsir olur. Amma sistem belədir ki, haradasa artım varsa, haradasa kəsir vardir.  İndi dövlət büdcəsində kəsir böyükdür və şirkətlər və şəxslərin gəlirlərində artım var. Sabah büdcə kəsiri azalanda bu gəlirlərdə də azalma olacaq. Varlı şəxslər yatırım edirsə kasıblar ya istehlak edir, ya da riskli yatırımlar edirlər- lotoreya kimi. İstehlak da qiymətləri artırır, investisiya da maliyyə alətlərini. Yəni həm istehlak inflyasiyası artır, həm aktiv (birja, ev, torpaq və s.). Əhalinin zənginliyi artır, amma dediyimiz kimi nəyin hesabına bu baş verir və dayanıqlıdırmı, inflyasiya təsirləri nədir bunu da anlamaq lazımdır.

Dollar bol olanda, istehlak tələbi yaradanda inflyasiya da artır. Dollar qiymətdən düşür və manat kimi dollara bağlı valyutalar da onunla bir yerdə düşür. Deyək ki, dünyada buğdanın, taxtanın, şəkərin ya başqa əmtəənin qiyməti dollara qarşı artırsa, manata qarşı da bu baş verəcək. Çünki manat dollara pərçimlənib. Bircə neftin-qazın qiymətinin qalxması sərf edir Azərbaycana. Çünki manatın dollara pərçim olub qalması elə neftin hesabınadır.

Müəllif
Fariz Hüseynli
Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti

Son xəbərlər
Digər xəbərlər