“Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Ziyad Səmədzadə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 90-cı illərdə biz yeni iqtisadi sistemi formalaşdırırdıq: “O zaman bizim iqtisadiyyatımız çox zəif inkişaf edirdi. İndi isə Azərbaycanın iqtisadiiyatı inkişaf edib. Bu qanun bizə imkan verəcək ki, dünya ölkələri ilə əməkdaşlığımız genişlənsin. Artıq Azərbaycanın gələcək inkişafı ilə bağlı yanaşması yeni prioritetləri özündə əks etdirir. Azad olunmuş ərazilərdə görülən işlər onu göstərir ki, 10-15 il əvvəl biz bunu edə bilməzdik. Xarici investorlar kapitalı mənfəət olan yerə qoyurlar. Banklar Assosiasiyası da azad olunmuş ərazilərlə bağlı kifayət qədər bu gün işlər görür. Eyni zamanda yaxşı olardı ki, qanun layihəsində özəl sektorla əlaqədar məsələləri artıraq. Bu qanunda dövlət xidmətləri anlayışı öz əksini tapmayıb. İnfrastruktur layihələrinin həyata keçirilməsi özlüyündə görülən işlərdir. Amma qanunda buna başqa mənada yanaşılıb. Azərbaycan iqtisadiyyatında 85 %-in özəl sektor olduğunu deyirik. Amma əsas onların mənfəətidir, mənfəətləri, səmərəliliyi çox azdır”.