25 C
Baku
Saturday, April 27, 2024

İqtisadiyyatımızda yeni fundamental yanaşmalar

Biz danışıqlar yolu ilə işğal olunmuş ərazilərimizin geri qaytarılmasının mümkün olmayacağını gördükdə müharibə variantını düşünməyə başladıq. Müharibənin də köhnə yanaşmalarla aparılmasının ciddi risklər, itkilərlə nəticələnəcəyi test edildi, hesablamalar aparılaraq yeni yanaşmalar (texnologiyaların tətbiqi və sair) tətbiq edilməklə müvəffəqiyyətli bir şəkildə işğal olunmuş ərazilərimizi geri qaytardıq. Hamımız etiraf edirik ki, bu günkü vəziyyəti (ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanı) 2020-ci ilin sentyabrın 26-da (II Qarabağ müharibəsi başlamazdan bir gün əvvəl) xəyalımızda belə canlandırmaqda çətinlik çəkirdik.

İqtisadiyyatda da eyni vəziyyətdir. Ölkə Prezidenti andiçmə mərasimindəki çıxışında verdiyi əsas mesajlardan biri bu idi ki, biz iqtisadiyyatımızı inkişaf etdirməliyik. Güclü iqtisadiyyat güclü dövlət, güclü ordu, rifah, yəni əslində hər şey deməkdir. Bunun üçün də biz Qarabağ məsələsində tətbiq etdiyimiz tamamilə yeni yanaşmalar tətbiq edəcəyik. Burada yeni düşüncə tərzi, fərqli yanaşma, məsələlərin köklü qoyuluşu əsas prioritet məsələlərdəndir.

Növbəti illərdə həll olunacaq bir çox məsələlər var. Dövlət müəssisələrinin rentabellə işləməsi, qurumlararası borcların bağlanması, Ələt Azad İqtisadi Zonasının səmərəli bir şəkildə fəaliyyətə başlaması, Qarabağdakı infrastruktur layihələrindən özəl sektorun genişlənməsinə keçid və sair. Şəxsən mən Azərbaycanda 3 istiqamətdən (Bakı, Qarabağ İqtisadi Rayonu və Ələt Azad İqtisadi Zonası) biri, ikisi və ya hər üçündən yayılma effektinin (İsveç iqtisadçısı Gunnar Myrdal tərəfindən irəli sürülmüş yayılma effekti (“spread effect”) o deməkdir ki, ölkənin hər hansı bir regionunda başlayan böyümə və inkişaf digər regionlarına da təsir göstərir) daha güclü təsir edəcəyinə inanıram.

Qeyd etdiklərimdən əlavə bir neçə önəmli və fundamental məsələyə yeni baxışların da formalaşacağı gözləniləndir:

– Öncəki ilin büdcə xərcləmələrinin növbəti ilin büdcə gəlirlərində geri dönüş effektinin hesablanması və bu effektin artırılması üçün tədbirlərin görülməsi. Bu məsələnin ilbəil effektiv həlli Dövlət Neft Fondundan büdcəyə transfertin ilbəil bir neçə faiz (ilk illərdə 3-5%, növbəti illərdə kumulyativ təsirini də nəzərə alaraq 7-8% azalma mümkündür. Nəzərə alaq ki, bu azalma ilk baxışda az görünə bilər. Lakin bu azalmanın ilbəil artan büdcə xərcləri, nəticədə böyüyən büdcə fonunda çox böyük olduğu aydın olur) azalması önəmli və əsas prioritet məsələlərdən biridir;

– İxrac, ixraca yanaşma tərzi və artırılmasına yeni fundamental yanaşmaların olacağı gözləniləndir;

– Gömrük fiskal siyasətin tərkibində qalmalıdır, yoxsa fərqli yanaşma və siyasət müəyyən olunacaq?

– Kənd təsərrüfatı sahəsində kiçik təsərrüfatların önəmi, kənd təsərrüfatı təyinatlı hər bir hektar torpağın iqtisadi dəyəri və onun artırılmasına yeni yanaşmanın olacağı gözləniləndir;

– Hazırda taxıl məsələsində dünyanı gözləyən təhlükənin müəyyən edilməsi və nəzərə alınması gözləniləndir (yəni, anbarlarda yığılıb qalmış ucuz Rusiya və Ukrayna taxılı həm MDB, həm də Avropa ölkələrinin fermerlərinin taxıl satışlarına cidd mənfi təsir göstərməkdədir (Avropa fermerləri etirazlarını artırırlar). Bu mənfi təsir növbəti illərin taxıl əkinlərində özünü göstərsə bir neçə mənfi və arzu olunmayan təsirlərini təsəvvür etmək çətin deyil;

– İstehsala və istehsalda idxalın payının azaldılmasına yeni yanaşma və baxışın olacağı gözləniləndir;

– Brend məhsulların yaranması üçün fundamental addımların atılacağı və yeni yanaşmaların formalaşacağı gözləniləndir;

– Holdinqlərin böyüməsi və genişlənməsi, lakin bununla belə kiçik və orta sahibkarlığın genişlənməsinə təkan verəcək peyk şirkətlərin formalaşması və inkişafı istiqamətində ciddi təhlillərin olacağı və addımların atılacağı gözləniləndir.

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər