14 C
Baku
Çərşənbə, May 25, 2022

İqtisadiyyatlarda “rasional seçim” illüziyası nədir?

Bu qısa yazı kimliyimizdən, cinsimizdən, gəlir səviyyəsindən asılı olmayaraq hər birimizi düşündürəcək və həyatımıza, yaşayışımıza birbaşa təsir edən məsələni əhatə edir.

İqtisadi psixologiya və davranışa əsaslanan iqtisadi əlaqələr arasında fərq vardır. Bir də iqtisadiyyatda “rasional seçim” məsələsi var. İqtisadi psixologiyanı öyrəndikcə rasional (ağıllı, düşünülmüş, obyektiv hesablamalara əsaslanan) seçimin əslində obyektiv deyil, subyektiv olduğu tam şəkildə üzə çıxır. Yəni, cəmiyyətdə ayrı-ayrı fərdlər öz seçimlərini heç də rasional, yəni ağıllı, düşünülmüş, obyektiv hesablamalara əsaslanmış şəkildə həyata keçirmir. Əslində bu kənarlaşma, yəni mal, məhsul və xidmətlərin rasional deyil, hansısa şüuraltı təsirlər, hətta fərdin özünə zərər verəcək bir şəkildə seçimi məhz 20-ci əsrin əvvəllərindən etibarən başlasa da, bunu tam olaraq ya görməmişlər, ya görməzliyə vurmuşlar, ya da iqtisadi psixologiyanın zəif inkişafı (elə indi də iqtisadi əlaqələr və psixologiya arasında öyrənilməli çox məsələlər var) rasional seçim məsələsini düzgün qiymətləndirməyə imkan verməmişdir.

Cəmiyyətin yüksək alıcılıq qabiliyyətinə malik olan təbəqəsi (şəxsi maliyyə məsləhətçiləri və savadlı menecerlərlə işləyən və ya investorların özləri istisna olmaqla) iqtisadi dəyər itkisi yüksək olan lüks xərcləmələrə daha çox meyl edir. Bu isə rasional seçim deyildir.

Cəmiyyətin zəif alıcılıq qabiliyyətinə malik olan təbəqəsi isə daha çox zəruri istehlak malları və zəruri xidmətlərə məhz əlavə xərcləmələrə vəsait çatışmazlığı səbəbindən üz tuturlar. Bu da rasional seçim deyildir. Bu təbəqədə də rasional seçimin olmamasını göstərən digər amillərdən biri də həddən artıq borclanma, bir çox hallarda isə borclanmanın onlar üçün lazımsız (təlabatı ödəmək üçün deyil, göstəriş üçün daha bahalı telefon, daha bahalı mebel və digər malların alışı) istehlaka yönəlməsidir.

Orta təbəqədə isə məsələ nisbətən qəlizdir. Bu təbəqənin maliyyə savadlılığı nisbətən yüksək olan hissəsi də vardır ki, xərcləmələrində nisbətən rasional mövqe tutmağa çalışırlar. Qazanclar da buna nisbətən imkan verir. Lakin, böyük bir qismi də imkan və gəlirlərindən daha yüksək mal və xidmətlərə meyl edirlər ki, bu da bir çox hallarda onlar üçün maliyyə fəlakətləri ilə nəticələnir.

Nəticə etibarilə rasional seçimi öz xərcləmələrində tətbiq edən hər 3 təbəqədən olan əhali nisbəti ümumi əhalinin üçdə birini əhatə edir. Lakin, hər bir cəmiyyətdə rasional seçimin olduğu görüntüsü vardır. Bunun əsas səbəbi isə azlıqda olan yüksək gəlirli təbəqənin qeyri-rasional xərcləmələrinin çoxluqda olan az gəlirli əhalinin məcburi xərcləmələri ilə kompensasiya olunmasıdır; yəni ortalama nəticələrə yaxınlaşması baş verir. Orta təbəqə ilə vəziyyət isə ölkədən ölkəyə, maliyyə savadlılığı, psixoloji və mentalitet faktorları ilə dəyişir. Yenə də drayver rolunu orta təbəqə oynayır. Məhz orta təbəqənin düzgün maarifləndirilməsi rasional seçimin artmasını şərtləndirir.

Nə üçün orta təbəqənin maarifləndirilməsi də çox vacibdir? Çünki, iri korporasiyaların peşəkar marketinq və reklamlarının əsas hədəfləri də məhz orta təbəqədir. Məhz bu təbəqə əsas potensial bazardır. Hələlik peşəkar marketinq və reklamlar burada kifayət qədər böyük üstünlük əldə etmiş və həmin üstünlük davam etməkdədir. Bu üstünlüyün bariz nümunəsini bizə lazım olanı deyil, şirkətlərə pul qazandıran məhsul və xidmətləri istehlak etməkdə görürük. Hər birimiz bu tələyə düşmüşük. Əsas odur ki, davamlı olaraq və daha böyük hissə olaraq düşməyək.

Bütün dünyada bu və ya digər dərəcədə artmaqda olan bu tendensiya həm hər bir fərd, həm cəmiyyət, həm də iqtisadiyyatlar üçün təhlükəli bir tələdir. Yanlış istehlak tələsinin ən gizli, gözəgörünməz tərəfidir. Cəmiyyətin daha böyük hissəsinin bu tələlərdən xilası üçün müxtəlif ölkələrdə müxtəlif tədbirlər görülsə də, korporasiyaların dominantlığı danılmazdır.

Nəticə budur ki, cəmiyyətdəki çoxluğun qeyri-rasional xərcləmələrinin olmasına baxmayaraq ümumi olaraq rasional seçim görüntüsü formalaşır. Paradoksal və aldadıcı, bir o qədər də düşündürücüdür. Hər birimiz üçün..

Müəllif:
Elman Sadıqov, iqtisadçı-ekspert

Son xəbərlər
Oxşar xəbərlər