“İrAero” aviaşirkəti “Koltsovo” beynəlxalq hava limanından Azərbaycan paytaxtına müntəzəm reyslər həyata keçirməyə başlayıb.
“Report” Agentliyi Yekaterinburq hava limanının Mətbuat xidmətinə istinadən xəbər verir ki, hava daşıyıcısı dünən Bakı – Yekaterinburq – Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirib.
Reyslər həftənin çərşənbə axşamı günlərində 103 sərnişin tutumlu “SuperJet 100” tipli təyyarələrlə yerinə yetiriləcək. Bakıdan gediş saat 12:30-da, Yekaterinburqdan uçuş isə saat 17:30-da olacaq. Uçuş müddəti üç saatdır.
“Koltsovoda” yeni aviadaşıyıcının olması ilə Yekaterinburqdan Bakıya uçuşların sayı həftədə üçə çatıb. “İrAero” ilə yanaşı, “Ural Hava Yolları” həftədə iki dəfə – cümə axşamı və bazar günləri Azərbaycan paytaxtına uçuşlar həyata keçirir.
Bakı “Koltsovadan” uçuşlar üzrə populyar istiqamətdir. 2018-ci ilin yekunlarına görə, bu marşrut üzrə sərnişin axını, təxminən, 24 min nəfər olub.