İran Avropanın SWIFT-ə alternativ yaradacağına inanmır

  •  
  •  
  •  
  •  

Avropa İttifaqı (Aİ) SWIFT sistemini əvəz edərək ABŞ-ın İrana qarşı sanksiyalarından yan keçəcək mexanizm yaratmaq üçün lazımi infrastruktura malik deyil.

Banker.az “Report”a  istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bildirib.

“Bizim fikrimizcə, avropalılar belə bir mexanizm üzərində işləri başa çatdırmaq istəsələr də, bu məsələ həddən çox uzanır. Avropanın belə maliyyə kanalı işə salmaq üçün kifayət edəcək infrastruktura malik olmadığı göz qabağındadır”, – deyən XİN rəsmisi Aİ-nin daim ABŞ tərəfindən təzyiq altında olduğunu da qeyd edib.

“Əlbəttə, biz narazıyıq və alternativ kanallardan işləməyə davam etdiyimizi avropalılara xatırlatmışıq. Onlar bu mexanizm işlərini çox uzadırlar və onların məsələni həll etmək iqtidarında olmadığını görürük”, – iranlı diplomat bildirib.

Xatırladaq ki, ötən il noyabrın 21-də İranla Avropa İttifaqının ABŞ sanksiyalarına çarə olacaq Banklararsı Rabitə Kanalı (SPV) yaratmaq üzərində iş apardıqları üzə çıxmışdı. Mövcud məlumata görə, SPV mexanizmini öz ərazisində qeydiyyatdan keçirə biləcək ölkələr arasında Almaniya və Fransa da var. İran hökuməti SWIFT-nin alternativi olan bu kanalın yeni ilədək işə salınacağına ümid etdiyini bir neçə dəfə bildirsə də, bu baş tutmadı.


  •  
  •  
  •  
  •