13 C
Baku
Saturday, November 23, 2024

İran Bankının Bakı filialının sanksiyalardan “çəkəcəyi” nədir?

Əkrəm Həsənov: “Ciddi bir zərərin olacağını gözləmirəm”

ABŞ-ın sanksiya tətbiq etdiyi İran bankları siyahısında “Bank Melli İran”ın Bakı filialı da var.

Sanksiyalar nəticəsində Bankın Nobel prospekti 14 ünvanında yerləşən filialı SWİFT sistemindən təcrid olunacaq,dollarla əməliyyatlar apara bilməyəcək. Sanksiya təkcə “Bank Melli İran”ın Bakı filialına deyil, Honq Konqdakı filialına da tətbiq edilib.

Sanksiyaların mümkün təsiri barədə sualları cavablandırarkən “Bank Melli İran-Baku”dan bildirilib ki, onların müştəriləri arasında ABŞ-dan asılılığı olan fiziki və hüquqi şəxslər yoxdur: “Odur ki, sanksiyaların fəaliyyətimizə təsir edəcəyini düşünmürük”(Report).

Xatırladaq ki, İran bankı Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Onun Bakı filialının nizamnamə kapitalı 76 milyon 611 min 171 manatdır. Bu qurum 2010-cu ildə də ABŞ tərəfindən tətbiq olunan sanksiya siyahısına salınmışdı. Amerika vətəndaşlarına və şirkətlərinə bu bankla əməkdaşlıq qadağan edilmişdi.

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov hesab edir ki, “Bank Melli İran”ın Bakı filialı ABŞ sanksiyalarından ciddi zərər görməyəcək: “Sanksiyalar yalnız xaricə pulköçürmələri ilə bağlıdır. Güman etmirəm ki, “Bank Melli İran”ın Azərbaycandakı müştəriləri bu bank vasitəsilə xaricə böyük həcmdə pullar köçürürlər. Hətta köçürən varsa belə, yəqin ki, sanksiyalar qüvvəyə minəndən sonra bunu başqa banklarla edəcəklər”.

Ekspert deyir ki, “Bank Melli İran”ın Bakı filialı əsasən Azərbaycanda avtokreditlərin verilməsi ilə məşğul olur: “Bu bank ən sərfəli şərtlər təklif edir deyə, avtomobil salonlarının əksəriyyəti onunla işləyirlər. Sanksiyalar isə avtokreditlərin nə verilməsinə, nə də qaytarılmasına təsir etmir. Çünki o kreditlərin əksəriyyəti milli valyuta ilə – manatla verilir. Bu proses Azərbaycan daxilində baş verir deyə düşünmürəm ki, bank üçün nəsə ciddi problem çıxsın”.

Qeyd edək ki, həqiqətən də  avtomobil kreditini minimum faiz dərəcəsi ilə verən banklar sırasında “Bank Melli İran”ın Bakı filialı mühüm yer tutur. Bəzi məlumatlara görə,  ölkə üzrə verilən avtomobil kreditlərinin 20 faizə yaxını bu bankın payına düşür. Ölkə mətbuatının yazdığına görə, bir sıra avtosalonlar artıq “Bank Melli İran-Baku” ilə əməkdaşlığı durdurmaq haqqında düşünür. Lakin elə avtosalonlar da var ki, sanksiya tətbiq olunan İran bankı ilə çalışmaqda davam etmək niyyətindədir. Əsasən Avropa və Asiya istehsallı avtomobillərin satışını həyata keçirən avtosalonların sanksiyaları nəzərə almayaraq bankla işləyəcəkləri gözlənilir.

Son xəbərlər
Digər xəbərlər