İran blokadanın aradan qaldırılmasından sonra nefti 20% daha baha satmağa başlayıb

İran ABŞ-nin hərbi-dəniz blokadasını aradan qaldırmasından sonra neft ixracını hərbi əməliyyatlar başlamazdan əvvəlki qiymətlərlə müqayisədə 20% daha yüksək qiymətlərlə həyata keçirməyə başlayıb. Bu barədə CNBC İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın bəyanatına istinadən məlumat yayıb.

Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin olunması ABŞ və İranın iyunun 18-də imzaladığı memorandumun əsas bəndlərindən biridir.

Tankerlərin hərəkətini peyk məlumatları, sahil fotoçəkilişləri və avtomatik identifikasiya sistemi vasitəsilə izləyən TankerTrackers.com-un məlumatına görə, sənədin imzalanmasından sonra İran təxminən 50 milyon barel neft ixrac edib.

Qalibaf bildirib ki, məhdudiyyətlərin qüvvədə olduğu iki ay ərzində İran limanları neft ixrac edə bilməyib. Hərbi münaqişədən əvvəl Tehran sanksiya risklərini kompensasiya etmək üçün neftini 10-15 dollar endirimlə satmağa məcbur idi.

Hazırda Brent markalı neftin qiyməti bir barel üçün təxminən 73 dollar təşkil edir. Bu, hərbi əməliyyatlar fonunda aprel ayında qeydə alınmış 118 dollarlıq pik göstəricidən təxminən 40% aşağıdır.

Qalibaf bəyanatında vurğulayıb ki, Hörmüz boğazı üzərində suverenlik İrana və Omanna məxsusdur və boğazdakı gəmi hərəkəti İranın müəyyən etdiyi razılaşmalarla tənzimlənir.

“İran heç bir şəraitdə Hörmüz boğazındakı hüquqlarından imtina etməyəcək. Bura bizim ərazi sularımızdır”, – deyə o bildirib.

Əldə olunmuş razılaşmalara əsasən, sazişin imzalandığı tarixdən etibarən 60 gün ərzində gəmilər Hörmüz boğazından maneəsiz keçə biləcəklər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər