İran dost ölkələrə Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib — Bu ölkələr hansılardır?

Tehran Hörmüz boğazından keçid üçün rüsumların tutulması məsələsində Rusiya və bir sıra digər ölkələr üçün istisnalar nəzərdə tutub.

“Sonrakı mərhələdə nə olacağını bilmirəm. Hazırda XİN dost ölkələr üçün nəzərdə tutulmuş istisnaları tətbiq etməyə çalışır, məsələn Rusiya üçün”, — deyə İranın Moskvadakı səfiri Kazem Jalali rüsumlarla bağlı suala cavab verib.

Yaxın Şərqdə münaqişə başladıqdan sonra İran faktiki olaraq Hörmüz boğazını nəzarətə götürüb. Adətən bu boğazdan gündəlik təxminən 15 milyon barel xam neft və əlavə olaraq 5 milyon barel neft məhsulları keçir. Bu isə həm neftin, həm də emal olunmuş məhsulların qiymətlərinin kəskin artmasına səbəb olub.

Bir ay əvvəl İran XİN Rusiya, Hindistan, İraq, Çin və Pakistan gəmilərinə boğazdan sərbəst keçid icazəsi verildiyini bildirib.

Martın sonunda Tehran boğaz üzərində yeni nəzarət mexanizmi tətbiq edərək bəzi gəmilər üçün 2 milyon dollara qədər rüsum müəyyən edib. Bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Alaeddin Borucerdi açıqlayıb və qeyd edib ki, bu addım akvatoriyada “yeni suveren rejimin” formalaşdığını göstərir.

Borucerdi bildirib ki, rüsumların tətbiqi müharibənin maliyyə xərcləri ilə bağlıdır. Bununla belə, boğaz İranın rəqibləri ilə əlaqəli gəmilər istisna olmaqla beynəlxalq gəmiçiliyə açıq qalır.

“Axios”un məlumatına görə, İran bu həftə Hörmüz boğazında daha çox mina yerləşdirib və ABŞ tərəfi bu prosesi izləyir.

Sanksiya risklərini azaltmaq və əməliyyatları gizlətmək üçün ödənişlərin “Bitcoin” vasitəsilə aparılması da nəzərdə tutulur. Bu barədə “Financial Times” yazıb. Yük daşımayan tankerlər isə ödənişdən azad edilib.

Martın əvvəlində İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, mövcud münaqişə fonunda Rusiya Tehrana müxtəlif istiqamətlərdə dəstək verir. Onun sözlərinə görə, iki ölkə arasında hərbi əməkdaşlıq yeni deyil və strateji tərəfdaşlıq çərçivəsində davam edir.

2025-ci ilin yanvarında imzalanmış Rusiya–İran hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur, lakin qarşılıqlı hərbi yardım öhdəliklərini əhatə etmir.

Son xəbərlər
Digər xəbərlər