İranın ali liderinin müşaviri Əli Şamxaninin sözlərinə görə, İslam Respublikası ABŞ tərəfdən “nüvə problemi” ilə bağlı danışıqlar təklifləri almaqda davam edir. O, “Al-Mayadeen” telekanalına müsahibəsində bildirib ki, Vaşinqton tərəfindən “təhdid və təkəbbür” olmayacağı, həmçinin Ağ Evin təkliflərinin “ağlabatan şərtləri” əhatə edəcəyi təqdirdə ABŞ ilə müharibədən qaçmaq imkanı mövcuddur.
“Bu məsələlər ilkin mərhələdədir”, — deyə Şamxani danışıqlarla bağlı qeyd edib. O əlavə edib ki, Tehran ABŞ tərəfindən güzəştlər olacağı halda uranın zənginləşdirilməsi səviyyəsini 60%-dən 20%-ə endirməyə hazırdır. Bununla belə, o vurğulayıb ki, İran öz nüvə ehtiyatlarını ölkə xaricinə çıxarmaq niyyətində deyil.
ABŞ prezidenti Donald Tramp İranla danışıqlar apardığını təsdiqləyib. O, həmçinin bildirib ki, ABŞ donanması İslam Respublikasına doğru istiqamət alıb. “Hazırda İrana doğru gəmilərimiz yola düşüb — böyük, ən böyük və ən yaxşı gəmilər… Onlar tezliklə orada olacaqlar”, — deyə Tramp Ağ Evdə bildirib.
Fevralın 1-də Donald Tramp Tehranın Vaşinqtonla danışıqlar apardığını açıqlayıb və tərəflərin ABŞ-ni qane edəcək razılaşmaya nail olacağına ümid etdiyini bildirib. O, daha əvvəl İranı nüvə sazişindən imtina edəcəyi təqdirdə hərbi güc tətbiq oluna biləcəyi barədə xəbərdar etmişdi.





