İranda etirazların yatırılması məqsədilə hakimiyyət tərəfindən internetin kəsilməsi ölkə iqtisadiyyatına baha başa gəlib. “Turkiye Today” nəşrinin İran Kompüter Mühəndisliyi və İnformasiya Texnologiyaları üzrə Mütəxəssislər Təşkilatının məlumatlarına istinadən yazdığına görə, internet “blackout”u nəticəsində birbaşa itkilər artıq 370 milyon dolları ötüb.
Sahə üzrə qrupun hesablamalarına görə, yalnız rəqəmsal bank sistemlərinin işləməməsi, ticarətdə yaranan fasilələr və biznesin normal rejimdə fəaliyyət göstərə bilməməsi səbəbindən İran iqtisadiyyatı hər gün 20–30 trilyon rial (20,6 milyon dollar) itirir. Hesabatda qeyd olunur ki, artıq yaranmış itkilər investor etimadının azalması, qlobal rəqabətqabiliyyətlilik reytinqlərində geriləmə, kapital axınının sürətlənməsi və “beyin axını”nın artması kimi dolayı təsirləri əhatə etmir.
İran hakimiyyəti yanvarın 8-də ölkə üzrə mövcud rejimə, korrupsiyaya və pisləşən iqtisadi şəraitə qarşı baş verən etirazlardan qısa müddət sonra interneti kəsib. Bir gün əvvəl İranın milli telekommunikasiya şirkətinin rəhbəri bildirib ki, internetə çıxış “bu gün və ya sabah” bərpa olunacaq. Bildirilir ki, Milli Təhlükəsizlik üzrə Ali Şura da əlaqənin bərpasını təsdiqləyib.
Lakin “NetBlocks”in məlumatına görə, İranda internet hələ də tam bərpa olunmayıb və “blackout” artıq 400 saatdan çoxdur davam edir. İnternetə çıxış yalnız bəzi İran vətəndaşları üçün mümkün olub və bu da hakimiyyət tərəfindən təsdiqlənmiş məhdud internet resursları siyahısı ilə məhdudlaşır. “NetBlocks” yazır ki, “qoşulmada baş verən qısamüddətli sıçrayışlar əlaqənin daha geniş şəkildə bərpa olunması ilə bağlı yanlış təəssürat yaradır”.







