İran parlamentinin spikeri: neftin qiyməti $140-a çata bilər

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İrana qarşı dəniz blokadası siyasətinin neft qiymətlərini kəskin artıracağını bildirib. Onun fikrincə, qiymətlər bir barel üçün 140 dollara qədər yüksələ bilər.

Qalibaf sosial şəbəkədə yazıb ki, Vaşinqtonun siyasəti artıq qiymətləri 120 dollar və daha yuxarı səviyyəyə qaldırıb və “növbəti dayanacaq 140 dollardır”. O, bu yanaşmanı ABŞ administrasiyasının yanlış strateji düşüncəsinin nəticəsi kimi qiymətləndirib.

İran rəsmisi hesab edir ki, problemin kökü nəzəriyyədə deyil, ABŞ-nin qərarvermə yanaşmasındadır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Lakin tərəflər uzunmüddətli razılaşma əldə edə bilməyib.

İran tərəfinin məlumatına görə, 40 gün davam edən münaqişə zamanı ABŞ-İsrail zərbələri nəticəsində 3 375 nəfər həlak olub. Tehran Vaşinqtonun atəşkəsi birtərəfli qaydada uzatmaq qərarını tanımadığını və öz maraqlarına uyğun hərəkət edəcəyini bəyan edib.

Son xəbərlər
Digər xəbərlər