20 C
Baku
Wednesday, October 9, 2024

İran SWIFT-dən ayrılmağa hazırdır-Analitika

Bu haqqda fikirləri ilə ekspert Əkrəm Həsənov bölüşmüşdür.

ABŞ İranı SWIFT-dən kənarlaşdırmaq istəyir. SWIFT – beynəlxalq maliyyə telekommunikasiya sistemidir. Beynəlxalq hesablaşmalar sahəsində banklararası məlumat mübadiləsini təmin edir. Demək olar ki, dünyada SWIFT-ə qoşulmayan bank yoxdur. Ona görə ki, onun vasitəsilə hər yerə pul köçürməsi həyata keçirmək olar.
Xeyr, SWIFT dövlət və ya dövlətlərarası qurum deyil. Mərkəzi ofisi Belçikada yerləşən özəl şirkətdir. Məsələn, Facebook kimi. Necə ki, Facebooka bənzər digər sosial şəbəkələr var, SWIFT-in də analoqları mövcuddur. Sadəcə tarixən əksər banklar məhz SWIFT-dən istifadə edir, buna görə də vahid informasiya məkanı naminə hamı bu sistemə qoşulur. Kommersiya təşkilatları olan banklar üçün xərclərin optimallaşdırılması olduqca vacibdir. Buna görə də alternativ məlumat mübadiləsi sistemlərindən istifadə etmək istəmirlər.
Məsələn, fərd olaraq biz prinsipial olaraq Facebookdan deyil, digər sosial şəbəkədən istifadə edə bilərik. Ünsiyyət dairəmiz dar olacaq, amma maddi problemimiz olmayacaq. Banklar üçün isə çərçivənin darlığı xərclərin artması deməkdir. Xüsusən də söhbət qlobal ehtiyat valyutalarından (ABŞ dolları, avro və s.) gedirsə.

Həm də indiyə qədər hamı düşünürdü ki, SWIFT neytral, siyasətdən kənarda olan kommersiya qurumudur. Onun siyasi alət kimi istismarını heç kəs gözləmirdi. Necə ki, məsələn, Facebook bəzən ermənilərin fitvası ilə bizim istifadəçiləri bloklayanda onun bitərəfliyini şübhə altına alırıq. Amma orada ciddi problem yaranmır, çünki, qeyd edildiyi kimi, maddi itki yoxdur.

Lakin 2012-ci ildə ABŞ-ın təzyiqi ilə SWIFT tarixində ilk və hələlik yeganə dəfə olaraq İranı sistemdən kənarlaşdırdı. Formal səbəb İranın nüvə proqramı idi. Reallıqda isə bu, sadəcə böyük dövlətlər arasında geosiyasi oyunların təzahürü idi. Əvvəl-axır, niyə sionist İsrail nüvə silahına malik ola bilər, amma molla rejimli İran isə yox? Məgər hər ikisi faktiki olaraq şovinist-klerikal dövlət deyilmi? Əslində, real hədəf heç İran da deyil, çünki onun ABŞ üçün heç bir ciddi təhlükəsi yoxdur.

Bəli, İran müsəlman məmləkətləri arasında ən qədim dövlətçilik tarixinə malik ölkədir. Amma bununla belə, necə ki eyni ilə qədim dövlətçilik ənənələri olan Çin “kommunist” dövlətidir (dünyada ən kommunist dövlət ABŞ-la hazırda isti münasibətlər quran Şimali Koreyadır), İran da elə “müsəlman” dövlətidir (dünyada ən fundamentalist müsəlman dövləti ABŞ-a yaxın olan Səudiyyə Ərəbistanıdır). Yəni reallıqda Çin üçün kommunizm, İran üçün isə şiəlik sadəcə geosiyasi özünüeyniləşdirmə və pis-yaxşı formal milli ideologiyadan başqa bir şey deyil. Gerçək olaraq isə hər üç dövlətin (ABŞ, Çin və İran) siyasi rejimi mahiyyətcə oxşardır. O mənada ki, dövlət rəhbərliyi təmiz seçkilər nəticəsində formalaşır, amma həmin seçkilərə hər kəs qatıla bilmir: ABŞ-da namizədlər pərdəarxası maliyyə dairələrinin, Çində partokrat elitanın, İranda isə mollakratiyanın ilkin süzgəcindən keçməli olur. Bu mənada Çin və İran siyasi rejimləri hətta daha səmimidir.

Çini təsadüfən xatırlamadıq. ABŞ-ın bu gün ən ciddi rəqibi məhz Çindir (ikinci yerdə isə Rusiyadır). Bütün sahələrdə. Buna görə də ABŞ beynəlxalq aləmdə nə edirsə, bir qayda olaraq, bu və ya digər şəkildə Çinlə hərtərəfli mübarizəsi kontekstində edir. İrana qarşı atılan addımlar da bu qəbildəndir. İranı yerində otuzdurmaqla ABŞ bütün dünyaya, amma ilk növbədə məhz Çinə gücünü göstərir. Sanki deyir: bax, görürsən, dünya ictimaiyyəti məni dəstəkləyir, səni yox, istəsəm, sənin də başına bu oyunları açaram.

Kommunist ideologiyasına baxmayaraq, Çin bu gün dünyanın ən nəhəng kapitalist dövlətlərindən biridir. İqtisadiyyatı beynəlxalq əlaqələrdən və ticarətdən, bu münasibətlərin çevikliyi və cəldliyindən çox asılıdır. Buna görə də Çin kimi dövlət üçün SWIFT-dən kənarlaşdırma ciddi fəsadlara səbəb ola bilər. Hətta dünya ticarətində rolu xeyli aşağı olan Rusiya üçün də (yeri gəlmişkən, hazırda Rusiya da bundan yaman qorxur). Amma İran üçün bu, elə də ciddi problem deyil. İranın qlobal ambisiyaları yoxdur. O cümlədən iqtisadiyyatda. Bəli, regional güc mərkəzi olmağa iddialıdır. Amma bunun üçün qüdrəti intensiv beynəlxalq ticarətsiz də yetərli qədərdir.

Digər tərəfdən, qeyd edildiyi kimi, 2012-ci ildə İranı SWIFT-dən kənarlaşdırmışdılar. 2016-cı ilin əvvəlinədək. Yəni Qərbin, habelə Çin və Rusiyanın İranla nüvə proqramına dair sazişi bağlamasınadək. Barak Obamanın bağladığı bu sazişdən Donald Trampın təşəbbüsü ilə ABŞ çıxdı. Əvvəlki tək ABŞ İrana qarşı sanksiyalar tətbiq etməyə başladı. O cümlədən hazırda yenə də Avropanı təhrik edir ki, İranı SWIFT-dən qovsunlar. Lakin bu dəfə 6 il öncəki fənd işləmir. Avropa Birliyi İranla sazişdən çıxmaq istəmir. İrandan neft almağa da davam edir. Avropa hətta sırf İranla ticarətdə SWIFT-i əvəzləyə bilən sistem də yaratmaq istəyir.
Bu şəraitdə İran üçün sanksiyalar elə də təsirli olmayacaq. Həm də İranın sanksiyalara qarşı dözümlük təcrübəsi böyükdür. 40 ildir sanksiyalar altında yaşayır. Bircə SWIFT-dən qovmamışdılar, buna da tap gətirməyi 6 il əvvəl bacardı.

Əlbəttə, yuxarıda sadalananlar səbəbindən SWIFT-dən kənarlaşdırma istənilən ölkə üçün mənfi haldır. Amma ölümcül zərbə deyil. Təsəvvür edin ki, sizi mobil telefon sistemindən kənarlaşdırıblar. Məgər bu o deməkdir ki, hamıdan təcrid olunduz? Əlbəttə, yox. Başqa üsullarla təmas quracaqsız. Bəli, daha bahalı və vaxt aparan ola bilər, amma yenə də rabitəsiz qalmayacaqsız.

6 il əvvəl SWIFT-dən qovulan İran bu problemi bir neçə yollarla həll edə bildi. Onların bəzilərini sadalayaq:

1) Barter, yəni puldan istifadə etmədən əmlakların dəyişdirilməsi – ən primitiv və sadə üsul. Məsələn, İranla ən çox barter əqdləri bağlayan Hindistan idi.
2) Tərəfdaş ölkələrin milli valyutalarından istifadə. Bu halda iranlı ixracatçı sadəcə malını ixrac etdiyi ölkənin bankında həmin ölkənin valyutasında hesab açır və əməliyyatlarını onun vasitəsilə həyata keçirir. Əsasən bu, Çin, Hindistan, Türkiyə, Yaponiya, Cənubi Koreya və bəzi ərəb ölkələrinin valyutası idi.
3) Hesablaşmaların qızılla aparılması. Qızılın rolu həmişəki kimi böyükdür. Həmin illərdə İranla qızılla əqdləri əsasən Hindistan və Türkiyə bağlayırdı.
4) Nağd pulun daşınması. Əlbəttə, rahat deyil, amma əzəli və sınanmış üsuldur.
5) Qeyri-rəsmi pul köçürmələri sistemlərindən (məsələn, Yaxın Şərqdə yayılmış “Həvalə”) istifadə. Bu sistemlər müsəlman dünyasında mövcud olanda, Qərbdə bank sistemi heç yox idi. Yəni bu da sınanmış yoldur.
6) Müxtəlif qanunsuz yollar, başqa şəxslərin adına xaricdə bankların alınması və onların vasitəsilə əməliyyatların aparılması, çirkli pulların yuyulması və s. və i.a. Hətta bəzi Avropa bankları da muzd müqabilində İrana bu istiqamətdə kömək edirdilər. Kapitalizm mənəvi dəyərlərə deyil, gəlir meyarına söykənir.

Təbii, İranı SWIFT-dən kənarlaşdırsalar, yenə də bu və digər üsullardan istifadə edərək özünü birtəhər girləyəcək. Üstəlik bu dəfə nəinki Çin və Rusiya, hətta Avropa da ona daha çox dəstək verəcək. Yəni təklənən ABŞ-ın özü olacaq. Təsadüfi deyil ki, ABŞ rəsmiləri son günlər bəyan edir ki, İranla daha geniş saziş bağlamağa hazırdılar. Bir sözlə, ABŞ artıq geri çəkilmək üçün əl yeri qoyur. Çəkiləcək, ya yox – zaman göstərəcək. Amma çəkilməsə, daha çox itirən də məhz özü olacaq. İlk növbədə nüfuz müstəvisində. ABŞ-a, verdiyi sözə (bağladığı sazişə), valyutasına (dollara), SWIFT kimi qurumlara (guya bitərəf) və s. etimad artıq çoxdan sarsılıb. “Qloballaşma”, “bazar iqtisadiyyatı”, “azad ticarət” və s. bu kimi məfhumların yalnız ABŞ-ın maraqlarına cavab verib-verməməsi baxımdan istismar edilməsi artıq çoxlarına aşkardır. Müasir dövrün romantik mərhələsi arxada qalıb. Amma ABŞ-dan qorxu hissi var idi. O da aradan gedir. Bu mənada İran və onun təkrar SWIFT-dən qovulması ABŞ-ın hegemonluğu üçün ciddi təhlükə ola bilər. Əlbəttə, bu, hegemonluğun sonu deyil. Heç başlanğıcı da deyil. Amma ən azı başlanğıcın mümkünlüyünün dərk edilməsidir…

Son xəbərlər
Digər xəbərlər