İranın xarici işlər naziri Abbas Araqçi fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilmiş İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqları müsbət qiymətləndirib. Bu bəyanat Türkiyə, Misir və Səudiyyə Ərəbistanının XİN rəhbərləri ilə telefon danışığı zamanı səsləndirilib.
“İranın xarici işlər naziri danışıqları yaxşı başlanğıc adlandırıb, eyni zamanda ABŞ tərəfinin niyyət və məqsədlərinə mövcud etimadsızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb”, — deyə İslam Respublikasının XİN-in bəyanatında bildirilir. Həmçinin qeyd olunub ki, Araqçinin türkiyəli, misirli və səudiyyəli həmkarları “danışıqların başlanmasını alqışlayıb” və “onların davam etdirilməsinin vacibliyini vurğulayıblar”.
İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqlar Omanın vasitəçiliyi ilə fevralın 6-da Maskatda baş tutub. Danışıqlarda Tehranın əsas prioriteti sanksiyaların ləğvi və ya yumşaldılması məsələləri olub. Bundan bir gün əvvəl “Axios” mənbələrə istinadən yazmışdı ki, danışıqların keçirilməsi əsasən ərəb müttəfiqlərinin ABŞ prezidentinə təzyiqi nəticəsində mümkün olub.





