5 C
Baku
Friday, February 23, 2024

İran və Pakistan arasında gərginlik nə ilə bağlıdır? [xronologiya]

BANKER.AZ —

Çərşənbə axşamı gecə (16 yanvar) İranın Pakistana raket hücumu nəticəsində iki uşağın ölümü və üç nəfərin yaralanmasından sonra Pakistan və İran diplomatik əlaqələrin pozulma yolundadır. Çərşənbə günü Pakistan hücumu pislədi və sonra Tehrandakı səfirini geri çağırıb. İranın İslamabada səfərdə olan elçisinin Pakistana qayıtmasına qadağa qoyub.

İslamabad İranı Pakistanın hava məkanını pozmaqda ittiham edib və İran dövlət mediası raketlərin “Ceyş əl-Ədl” silahlı qruplaşmasının iki bazasını hədəf aldığını bildirib.

18 yanvar tarixində isə məlum oldu ki, Pakistan da öz növbəsində İran sərhədləri daxilindəki silahlı qruplaşmalara qarşı aviazərbələr endirib, xəbəri İranın dövlət agentlikləri də təsdiqlədi.

09

Pakistan XİN də, ölkə ordusunun səhər saatlarında “Mər Bər Sərmaçar” adlı antiterror əməliyyatı keçirdiyini təsdiqləyib. Əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən terrorçu sığınacaqlarına zərbələr endirdiyini təsdiqləyib.

Bildirilir ki, aviazərbələr nəticəsində üçü qadın, dördü uşaq olmaqla 7 nəfər həlak olub.

İslamabaddan gələn ritorika İranın hücumları nəticəsində yaranan artan böhrana işarə etsə də, iki ölkə tez-tez 900 km-lik qeyri-sabit sərhədləri boyunca gərginliyi aradan qaldırmalı olurlar.

İki islam respublikasının münasibətlərini korlayan tarixə nəzər salaq:

2023-cü ilin dekabrı

İranın “terror” qruplaşması kimi “qara siyahı”sına saldığı “Ceyş əl-Ədl” (Ədalət Ordusu) İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Rask şəhərində polis məntəqəsinə hücumu və 11 iranlı təhlükəsizlik işçilərinin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Hücum Pakistan tərəfindən pislənilib.

2023-cü ilin iyunu

Pakistan ordusuna yaxın media ISPR bəyanat yayıb ki, silahlı “terrorçular” Keç rayonunun Sinqvan bölgəsindəki keçid məntəqəsində iki pakistanlı əsgəri öldürüblər. Pakistan döyüşçülərin İrana qaçmaq cəhdlərinin qarşısını almaq üçün İran rəsmiləri ilə əlaqə saxlayıb.

2023-cü ilin apreli

ISPR Keç rayonunun Cəlqai sektorunda İrandan gələn hücumların onun dörd sərhəd patrul əsgərini öldürdüyünü açıqladı.

2023-cü ilin yanvarı

Həmin vaxt Pakistanın baş naziri olan Şahbaz Şərif Bəlucistanda İranla sərhəddə dörd təhlükəsizlik məmurunun öldürülməsini pisləyib. Pəncqur rayonunun Çukab sektorunda baş verən hücumdan sonra Pakistan Xarici İşlər Nazirliyi İranı məsələni araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb. İranın İslamabaddakı səfirliyi bu hücumu pisləyib.

2021-ci ilin sentyabrı

Pakistan İrandan sərhədyanı atəş nəticəsində bir əsgərin öldüyünü iddia edib. O, İrandakı “terrorçuları” günahlandırıb. Hücum iki ölkə arasındakı sərhədin təhlükəsizlik baxımından dörd aylıq bağlanmasından sonra sentyabrın 20-də ikitərəfli ticarət üçün yenidən açılmasından sonra baş verib.

2021-ci ilin fevralı

İran əsgərləri Tehranın “terrorçular” tərəfindən əsir götürüldüyünü bildirən iki kəşfiyyat agentini xilas etmək üçün Pakistan ərazisinə daxil olub.

2019-cu ilin apreli

Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi mediaya bildirib ki, Raci Aajoi Sanqar separatçı qruplaşmasının İranda yerləşən silahlı “terrorçuları” Bəlucistanda avtobusda olan sərnişinlərə hücum edərək, 10 donanma zabiti, 3 hava qüvvələri əməkdaşı və 1 hərbçi olmaqla sahil mühafizəsinin 14 nəfəri öldürüb.

2018-ci ilin dekabrı

İran mediası xəbər vermişdi ki, İranın cənubundakı Çabahar liman şəhərində kamikadze avtomobilin polis qərargahına hücumu nəticəsində 4 polis ölüb, 42 nəfər yaralanıb. İranın o zamankı xarici işlər naziri Cavad Zərif Pakistanda geniş şəkildə ittiham kimi şərh edilən bu hadisədə “xaricdən dəstəklənən terrorçuları” günahlandırmışdı. İslamabaddakı xarici işlər nazirliyi hücumu pisləmişdi.

2018-ci ilin oktyabrı

İranın 12 təhlükəsizlik işçisi, o cümlədən İranın yüksək təhlükəsizlik qüvvələrinin – İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyatçılarının Pakistanla cənub-şərq sərhədində qaçırıldığı iddia edilmişdi. Buna görə məsuliyyəti “Ceyş əl-Adl” öz üzərinə götürüb. Pakistan təhlükəsizlik qüvvələri İrana silahlı qrupdan oğurlanan 12 nəfərdən ən azı 5-ni çıxarmağa kömək edib.

2018-ci ilin apreli

SEPAH bildirib ki, Sistan-Bəlucistan əyalətinin Mircave şəhərində sərhəd məntəqəsinə silahlı hücum nəticəsində 3 iranlı təhlükəsizlik əməkdaşı həlak olub.

2017-ci ilin iyunu

Pakistanın XİN-i bildirib ki, Pakistan Hərbi Hava Qüvvələri Pakistanın Pəncqur ərazisində uçan İran pilotsuz təyyarəsini vurub. Bu, ilk dəfə İrandan gələn pilotsuz təyyarənin Pakistan tərəfindən vurulması idi.

2017-ci ilin apreli

Mircavedə 10 iranlı sərhədçinin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti “Ceyş əl-Adl” üzərinə götürüb. İran polisi dövlət mediasına verdiyi açıqlamada qətllərin uzaq mənzilli silahlarla törədildiyini və “hücumun son məsuliyyətini Pakistan hökumətinin üzərinə götürdüyünü” bildirib.

Əvvəlki hücumlar

“Ceyş əl-Ədl” silahlı qruplaşması ən azı 2013-cü ildən bəri İran sərhədçilərinə qarşı hücumlar təşkil edir və bu zaman sərhəd yaxınlığında pusquda 14 İran hərbçisi həlak olub.

2014-cü ildə İran təhlükəsizlik qüvvələrinin ən azı beş əməkdaşı da oğurlanıb.

2010-cu ilin dekabrında Çabaharda məscid yaxınlığında komikadze hücumu nəticəsində 41 nəfər ölüb, 90 nəfər yaralanıb.

 

 

 

Məlumat Aljazeera və digər xarici mənbələrə istinad edilir.

Son xəbərlər
Digər xəbərlər